Böyük pullar qazanan da bizimkilər, biabır olmaqdan utanmayanlar da!

11:20 Milli komanda 230
Böyük pullar qazanan da bizimkilər, biabır olmaqdan utanmayanlar da!

Peşəkar futbolçuların, Avropada oynayanların, Çempionlar Liqasında çıxış edən və o klubların olduğu bir sistem niyə Lixtenşteyn kimi əsas heyətinin böyük hissəsi futbolu ikinci iş kimi yaşayan komandaya qarşı 90 dəqiqə ərzində bu üstünlüyü qələbəyə çevirə bilmir?

Lixtenşteynlə oyunda 0:0 hesablı heç-heçə etdik. Meydanda təşəbbüs bizdə idi, topa daha çox sahib olan, hücum edən, qol axtaran tərəf Azərbaycan idi.

Amma 90 dəqiqənin sonunda bütün bu üstünlüklərin qarşılığında sadəcə bir rəqəm qaldı: 0.

Azərbaycan millisinin heyətində Almaniya, Polşa, ABŞ, Bolqarıstan, Albaniya, Cənubi Koreya və digər ölkələrin peşəkar çempionatlarında çıxış edən futbolçular var.

Bu oyunçular üçün futbol əsas peşədir. Onlar hər gün məşq keçir, peşəkar müqavilələr imzalayır, peşəkar klublarda oynayır və futbol fəaliyyətindən ciddi gəlir əldə edirlər.

Azərbaycan klubları isə artıq iki mövsümdür Çempionlar Liqasının əsas mərhələsində təmsil olunur. “Qarabağ” bu səviyyədə artıq təcrübə qazanıb, “Sabah” isə tarixində ilk dəfə əsas mərhələyə yüksəlib.

Bu səviyyəyə çıxan klubların gəlirləri milyonlarla avro ilə ölçülür, futbolçular isə uğurlara görə on minlərlə manatlıq mükafatlar qazanırlar.

Məsələn, “Qarabağ”ın Çempionlar Liqasındakı uğuruna görə futbolçulara ümumilikdə milyonlarla avro həcmində bonus ödənilib.

“Sabah”ın Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməsinə görə isə əsas heyətdəki futbolçular üçün 60 min manatlıq mükafat açıqlanıb.

Yəni söhbət artıq sırf futbol oynamaqdan getmir. Söhbət ciddi maliyyə, peşəkar şərait, Avropa təcrübəsi, yüksək səviyyəli klublar və böyük motivasiyadan gedir.

İndi isə digər tərəfə baxaq.

Lixtenşteyn millisinin futbolçularının böyük hissəsi futbolu əsas işi kimi yaşamır. Onların arasında başqa sahələrdə çalışan, gündəlik həyatında başqa peşə ilə məşğul olan oyunçular var.

Onlar milli komandaya gəlib məşq edir, sonra isə öz adi həyatlarına qayıdırlar.

Nəticə?

Azərbaycan – Lixtenşteyn: 0:0.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 16:30 Çək və bizə göndər!