Azərbaycanda futbolçu var? - “Bu sualı eşidirəmsə...”

Azərbaycanda futbolçu var? - “Bu sualı eşidirəmsə...”

Azərbaycan millisinin vingeri Vüsal İsgəndərli Sportinfo.az-a müsahibə verib.

31 yaşlı yarımmüdafiəçi Millətlər Liqasının ikinci turu çərçivəsində Lixtenşteynlə qolsuz bərabərliklə başa çatan matçdan sonra sualları cavablandırıb.

- Nəticə məlumdur, bəs ümumi mənzərəyə nə ad vermək olar?

- Danışmq o qədər çətindir ki. Bu sözü deyəndə belə utanıram. Qarşıdakı üç gündə ictimaiyyət bizə dəstək olsa, üstümüzə gəlməsə, səbr göstərsə, qarşıdakı oyunda qələbə qazana bilərik. Bu duruma biz salmışıq, biz də çıxarmalıyıq. Əlimizdən gələni etməliyik ki, növbəti iki oyundan 6 xalla ayrılaq. Başqa yolumuz yoxdur.

- İllərdir dəyişməyən üç gündə dəyişəcək? Keyfiyyətiniz artacaq?

- O qədər haqlısınız ki. Kaş bura gəlib qələbə müsahibəsi verərdim. Üç gün ərzində səhvlərimizi görüb, bitiriciliyi artırıb, özünəinamı qaytarmaq müəyyən mənada mümkündür. Sizi çox gözəl başa düşürəm. Bu gün stadiona bu qədər adam gəlmişdi, Aralarında ailələrimiz, qohumlarımız, dostlarımız var idi ki, onlar da qələbə gözləyirdi. Qarşıdakı üç gündə bizə dəstək olun, əlimizdən gələni edəcəyik ki, Litvanı məğlub edək.

- Sual bir az ağır olacaq. Azərbaycanda futbolçu var?

- Azərbaycanda futbol da var, futbolçu da, məşqçi də. Bu dəqiqə bu sualı verməkdə haqlısınız. Bu sualı eşidirəmsə, deməli, bu vəziyyəti özümüz yaratmışıq. Bu suallar həmişə verilib – Azərbaycanda futbol var? Futbolçu var? Vəziyyət belədirsə, insanları necə qınaya bilərik? Bu gün Bakıda Lixtenşteyni uda bilmiriksə, bu sualı eşitməyə məcburuq.

- Belə nəticələrdən sonra adam içinə necə çıxırsınız?

- Özümdən deyim, çıxmıram... Çıxmıram...

- Müəyyən müddət gizlənirsən?

- Valideynlərim, ailə üzvlərim, doğmalarım – hamı oyunumuza baxır da. Onların qarşısında belə başımı qaldırıb üzlərinə baxa bilmirəm. Bir övlad kimi valideynlərimin qarşısında utanıram. Bu gün tribunada ən çox qışqıranlardan, irad bildirənlərdən biri elə mənim atam idi. Atam futbolla böyüyüb, futbolla yaşayıb, futbolu çox yaxşı bilir. Az qala hər epizodda mənə etirazını bildirirdi.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti