Azərbaycan-Lixtenşteyn matçını izləmək üçün üz tutduğum Respublika stadionundakı tribunaların boşluğunu görəndə ilk düşündüyüm sual bu oldu: “Azarkeşlər millini niyə tək qoyub?”
Hətta fotoşəkilləri çəkib yazını da beynimdə hazırlamışdım ki, milli komanda hamımızındır, yaxşı gündə yanında olmaq asandır, əsas pis gündə də dəstək verməkdir, stadion dolanda futbolçular bundan ilhamlanır və s. və i.
Amma ilk hissənin gedişində fikirlərim 180 dərəcə dəyişdi. Tribunaların niyə boş olduğunu anlamağa başladım.
Çünki adamlar stadiona futbola baxmağa gəlir. Bəs biz nə gördük? Futbol var ki?
Lixtenşteyn kimi futbol baxımından bizdən xeyli aşağı səviyyədə olan komandanın qarşısında dominantlıq edə, qollar vura bilmədik. Beş metrdən qapını dəqiq nişan almaq, ardıcıl 3-5 ötürmə vermək, normal hücum qurmaq problemə çevrildi.
Sonra da soruşuruq ki, bəs, azarkeş niyə stadiona gəlmir?
Bir komanda 90 dəqiqə üstün oynayar, saysız-hesabsız qol vəziyyəti yaradar, amma bəxti gətirməz – hə, futboldur, başa düşmək olar. Amma Tacikistana güc-bəla ilə 1 qol vurursan, Litvada 1 xalla kifayətlənsən, Lixtenşteynə qarşı öz meydanında normal oyun göstərə bilmirsənsə, burada bəxti günahlandırmaq çətindir.
Bu, artıq səviyyə, talent, bacarıq məsələsidir.
İllərdir akademiyalardan, yetişməkdə olan futbolçulardan, inkişafdan, Avropa standartlarından danışırıq. Amma meydandakı mənzərə göstərir ki, hələ də bu standartlara cavab verən futbolçu yetişdirməkdə ciddi problem yaşayırıq.
Sonra günahkar kimi azarkeşi göstəririk.
Tribunalar boşdur – azarkeş millini sevmir.
Stadion dolmur – azarkeş futbola maraq göstərmir.
Əvvəl boş tribunaları görüb azarkeşləri qınamaq istəyirdim. İndi isə həmin tribunaların şəklinə başqa gözlə baxıram.
Boş tribunalar Azərbaycan futbolunun tozsuz, ləkəsiz, cızıqsız, ən şəffaf güzgüsüdür.
Gəlib xəstəlik tutmaqdansa, əsəb, stress, narahatlıq keçirməkdənsə, belə futbola baxmamaq ən doğru seçimdir.
HƏBİB /SPORTİNFO.AZ
