“Pro”nu oxumağı çox istəyirəm, Georgi Çixradze buna imkan vermədi" - MÜSAHİBƏ

14:00 Müsahibə 5
“Pro”nu oxumağı çox istəyirəm, Georgi Çixradze buna imkan vermədi" - MÜSAHİBƏ

50 yaş... Bir insanın keçdiyi yolun hesabatını aparması üçün bəlkə də ən uyğun yaşlardan biridir. Rövşən Babayev üçün isə bu rəqəm dayanmaq deyil, yeni mərhələnin başlanğıcıdır. Uşaqlıqdan futbolun içində olan, “qızıl 76-lar” nəslinin nümayəndəsi kimi meydana çıxan Babayev sonradan məşqçi kimi öz yolunu davam etdirib. İllər ərzində müxtəlif klublarda çalışıb, akademiyalar qurub, futbolçular və məşqçilər yetişdirib, Azərbaycan futbolunun inkişafına öz töhfəsini verməyə çalışıb. 50 yaşının astanasında isə qarşısında hələ yeni hədəflər var – “Pro” kateqoriyasını almaq və "İmişli" akademiyasında yeni futbolçular yetişdirmək.

50 yaşı ərəfəsində Rövşən Babayevin Sportinfo.az-a müsahibəsində həm keçmişə, həm bu günə, həm də gələcəyə nəzər saldıq.

- Rövşən müəllim, 50 yaş... Bu rəqəm ilk olaraq sizdə hansı hissləri yaradır?

- 50 yaş mənim üçün sadəcə rəqəm deyil. Bu yaş bu günə qədər keçdiyim yolun içində olan böyük uğurlar, fərqli insanlarla qurulan münasibətlərin və müxtəlif xatirələrin hesabatıdır. Mənim üçün 50 yaş dayanmaq yox, yeni mərhələnin başlanğıcı deməkdir. Hələ qocalmamışam. İşləməyə gücüm var. Qarşıda hələ yolun uzun olduğunu düşünürəm.

- Sizi daha yaxından tanımayanlar insanlar üçün Rövşən Babayev kimdir?

- Futbolu sevən, onunla nəfəs alan sadə bir Azərbaycan vətəndaşı. İrəli getmək, tapşırılan işi maksimum yerinə yetirmək istəyən, yaxşı iş ortaya qoymağa çalışan bir məşqçi, insanlara yardıma, Vətəninə, Azərbaycan futboluna xeyir verməyə can atan bir azərbaycanlı.

- Uşaqlıq illərinə qayıtsaq, futbol həyatınızda nə vaxt xüsusi yer tutmağa başladı?

- Futbol uşaqlıqdan həyatımın bir hissəsi olub. Futbolla ilk tanışlığım 1983-cü ildən başlayır. 7 yaşım var idi. Əmim İntizamin məni 8-ci mikrorayondakı uşaq futbol məktəbinə apardı. İlk məşqçim Oleq Rəhimov olub. Rafael Əmirbəyov, Samir Acalov, Yaşar Hüseynov, Müşfiq Əliyev kimi futbolçularla bir yerdə böyümüşük, futbolun sirlərini öyrənmişik. 1989-cu ilə kumu “FŞM uşağı” olmuşam. 1989-cu ildə Yaşar Abdulov məni 14 yaşlılardan ibarət yığmaya dəvət etdikdən sonra onu yanında məşqlərə başlamışam. Gözümüzü açandan məhəllədə futbol görmüşük. Maradona, Plantini, Ziko kimi böyük futbolçu olmaq istəyirdik. Futbol ilk vaxtlar sadəcə həvəs və sevgi idi, amma zamanla peşəyə çevrildi. Futbol mənə yalnız meydanda mübarizə aparmağı yox, həm də həyatda məsuliyyətli olmağı, səbir etməyi və insanları yaxından tanımağı öyrədib.

- Siz həm də "qızıl 76-lar"dan biri idiniz. Necə oldu ki, karyeranızı o qədər parlaq alınmadı?

- Həmin nəsil 1989-cu ildən parlamağa başladı. Bu nəsil necə formalaşdı? Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə 1994-cü ildə Avropa təsnifat mərhələsində iştirak edən 1976-cı il təvəllüdlü futbolçular olub. Bratislavada 18 yaşa qədər futbolçular arasında Avropa çempionatının təsnifat mərhələsi keçirilirdi. Qrupda Slovakiya və Kiprlə qarşılaşdıq. Hər iki oyunda məğlub olsaq da, ilk təcrübəmizi qazandıq. Buna kimi “qızıl 76-lar” 1988-91-ci illər aralığında SSRİ-də Azərbaycanı bu yaş qrupu təmsil etmişdi. Həmin yaş qrupundan xeyli futbolçu çıxdı. Bu gün də bir çoxu məşqçi kimi çalışır. Rauf Mehdiyev, Yusif Niftullayev, Ədahim Niftəliyev, Azər Məmmədov, Kənan Kərimov, Valeh Qafarov, Xəqani Məmmədov, Füzuli Məmmədov, Namiq Quliyev, Azad Əliyev, İsmayıl Məmmədov həmin “qızıl 76-lar”dan idi. Məşqçilərimiz isə Sabir Əliyev, Tofiq Rzayev və Ağamusa Bağırov idi. Tofiq və Sabir müəllimə Allah rəhmət eləsin. Musa müəllim hazırda yaşayır. Azərbaycanı beynəlxalq arenada təmsil edən ilk məşqçilər onlar olublar. Bir faktı da qeyd edim – 1991-ci ildə mən, Azad Əliyev, Valeh Qafarov 15 yaşlılardan ibarət SSRİ yığmasına seçilmişdik. Həmin vaxt yığmada Andrey Şevçenko, Aleksandr Şovkovski, Yeqor Titov, Sergey Kuznetsov, Andrey Kolıvanov kimi gələcəyin ulduzları var idi. Sadəcə, SSRİ dağıldı və biz milli komanda olaraq Bakının “Araz” komandasının heyətində 1-ci dəstədə oynadıq. 1992-ci ildə ilk Azərbaycan çempionatında Kazbek Tuayevin rəhbərliyi altında “Azneftyağ”la əsas dəstədə debut etdim. Zamanla “qızıl 76-lar” fərqli komandalara keçdilər. Bəziləri futbolu atdı. Amma bayaq adlarını sadaladıqlarımdan bir neçəsi əsas milliyə kimi qalxdı, hazırda da tanınmış məşqçilərdir.

-Futbolla tez vidalaşmağınızın səbəbi nə oldu?

- Futbolu tez atmağımın səbəbi zədə deyildi. O vaxt futbolda indiki pullar yox idi. 24 yaşımda evlənmişdim. Ailəni isə dolandırmaq lazım gəlirdi. Keçmişə çox qayıtmaq istəmirəm. Hər hansı peşmançılıq yoxdur. Bir az dözüb, bir az qala bilsəydim, yaxşı olardı. Həmyaşıdlarım kimi müəyyən yaşa qədər yaxşı performans göstərə bilərdim. Amma 8-9 milli çempionatda oynadım. “Azərneftyağ”da, "Neftqaz"da, OİK-də, "Fərid"də 40-a yaxın oyun keçirdim. Mövqeyim müdafiəçi idi. Konkret deyəsi olsam, ailə vəziyyətinə görə futboldan uzaqlaşdım.

- Məşqçiliyə gəlməyiniz necə alındı?

- İşsiz idim, həm də futbol üçün bərk darıxırdım. “Odlar yurdu” mini-futbol komandasından təklif gəldi. Komanda şirkətlər arası çempionatda iştirak edirdi. Razılıq əldə olunduqdan sonra bilindi ki, oynasam, komandaya texniki məğlubiyyət veriləcək. Bu halda rəhbərlik məşqçi kimi qalmağımı təklif etdi. Futzaldan başladım, siftəm yaxşı alındı. İlk ilimdə ölkə kuboku və superkubok qazandıq. Ardınca yüksək liqa təmsilçisi "Refarma"dan təklif aldım. İlk ilimizdə ikinci yeri tutduq, ölkə kubokunda yarımfinala qədər irəlilədik. Bundan sonra 2006-cı ildə yenidən böyük futbola qayıtdım. "Azəri" futbol klubunda 14 yaşlı uşaqlarla işlədim. C, B, A kateqoriyalarını aldım. 2007/09-cu illər "Olimpik"də Əsgər Abdullayevin yanında köməkçi oldum. Düşünürəm ki, böyük məktəb keçdim. Yaşar Abdullayev və Vaqif Sadıqov mənə çox kömək etdi. Hamısına minnətdaram. 1 il sonra Roman Cəfərov tərəfindən "İnter" Futbol Akademiyasına dəvət olundum. Bu günə qədər ona minnətdaram. Valentin Xodikin İdman İnkişaf Proqramının rəhbəri oldu, mən isə U-9, U-10 komandalarına baş məşqçi və əlavə də etimad göstərilərək akademiyanın rəhbəri təyin edildim. Klubun prezidenti Georgi Nikolovun mənə böyük dəstəyi oldu. "İnter" həyatımda çox böyük iz qoyub. Orada yetişdirdiyimiz uşaqlar bu gün də oynayırlar. Tək oyunçu yox, məşqçilər də yetişdirildi. Elşad Əhmədov, Vəli Hüseynov, Hikmət Bağırov, Adil Mahmudov, Xəyyam Bəkirov, Eldar Ağaxanov, Vadar Nuruyev və digərləri. Məşqçilər baxımından böyük sıçrayış oldu. Hamısı oxudu, kateqoriya aldı. Yetişən uşaqlardan indiyə kimi milliyə dəvət almış Coşqun Diniyev, Azər Salahlı, Fuad Bayramov, Elvin Cəfərquliyev, Edqar Adilxanov, Xəyal Əliyev, Ceyhun Nuriyev, Mustafa Əhmədzadə, Vüsal İsgəndərli, İlqar Abdulov, həmçinin, Cəfər Muxtarov, Seymur Məmmədov, Seyxan Fərəcov, Ayxan Suleymanlı, Həbib İsmayılov və digərlərini qeyd edə bilərəm. "İnter"dən sonra "Simurq"da akademiya rəhbəri və əvəzedici komandada baş məşqçi kimi çalışdım. "İnter" rəhbərliyi A kateqoriyası alandan sonra "Şuşa" klubunda köməkçi məşqçi işləməyim məsləhət görüldü. Nadir Qasımovun yanında böyük təcrübə qazandım. Buna görə ona da minnətdaram. "Simurq"dan sonra enişli-yoxuşlu həyat yaşadım. "Rəvan"da Emin Quliyevin yanında köməkçi məşqçi, ardınca “Vətən” Futbol Akademiyasında rəhbər oldum. Həmin müddətdə "Sumqayıt"dan dəvət aldım. Əvəzedici komandada baş məşqçi işlədim. Kluba ilk medalları qazandırdıq. “Turan Tovuz”da da bir ara işlədim. "Sabah" klubunda 9 il fəaliyyət göstərdim. Bu müddətdə Xəyal Əliyev, Abdulla Rzayev, Abdulah Xaybulayev, Şahin İbrahimov kimi oyunçular yetişdirə bildik. Hazırda "İmişli" klubunda akademiya rəhbəri kimi çalışıram. Düşünürəm ki, bu sahədə gələcəkdə də faydalı ola biləcəm.

- Məşqçilik karyerasında niyə əsas komanda olmayıb?

- Mən cavanlarla işləməyi xoşlayıram. Azərbaycan futbolunun inkişafı cavan uşaqlardan keçir. Amma bir neçə oyunda müxtəlif komanda ilə Premyer Liqa təcrübəm var. Məsələn, “Simurq”, “Rəvan” və “Sabah”ı baş məşqçi kimi Premyer Liqa oyunlarına çıxarmışam. Bu komandalarda köməkçi məşqçi işləyirdim. Baş məşqçilərin istefasından sonra rəhbərlik komandanı müvəqqəti olaraq mənə tapşırmışdı. Ümumilikdə 10-dan çox oyundu.

- Azərbaycanda uşaq futbolunun hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

- Futbolumuzda potensial var. İstedadlı gənclər çoxdur. Amma əsas problem onların müəyyən yaşda “itmələridir” Bunu davamlı nəticəyə çevirmək üçün sistemli iş lazımdır. Xüsusilə uşaq futboluna uzunmüddətli yanaşma vacibdir. Təəssüf ki, heç də bütün klublarda bu yanaşmanı görmürük.

- Azərbaycan klubları niyə davamlı şəkildə öz futbolçusunu yetişdirə bilmir?

- Səbəblər çoxdur. Seleksiya, infrastruktur, əsas komandaya keçid bir-biri ilə bağlı məsələlərdir. Uşaq seçmək əsas deyil. Onu 10-12 il ərzində düzgün inkişaf etdirmək vacibdir. Bunu edə bilsək, problem müəyyən qədər həll edə bilərik. Az əvvəl "İnter"i qeyd etdim. Bu gün "Sabah"da inkişafa doğru yaxşı addımlar atır. Yaxşı rəhbər gətirilib, yaxşı idarəçilik var. “Vətən”də Mustafa Həsənovun, Təbriz Həsənovun rəhbərliyi altında son illər çox gözəl işlər görülür. Eyni sözlər 9 il işlədiyim “Sabah”a da aiddir. Giorgi Minaşvilinin rəhbərliyi altında görülən işlər göz oxşayır. Aşağı yaş qrup millilərimizdə də biz bunu görürük. Düşünürəm ki, "Sabah"ın akademiyası düzgün yoldadır. Bir neçə ilə nə qədər futbolçu yetirşdirilməsinin özünüz də şahidi olacaqsınız.

- Heç olubmu ki, futbol sizi ailənizdən və şəxsi həyatınızdan nəyisə qurban verməyə məcbur etsin?

- Futbol çox vaxt alan peşədir. Oyunlar, məşqlər, səfərlər və s. Bu da şəxsi həyata təsir edir. Daha çox vaxtımı işimə ayırmaq məcburiyyətindəyəm. "Simurq"da olanda bunu daha çox hiss etmişəm. Ailəmin mənə dəstəyini də xüsusi qeyd edərdim. Daim yanımda olublar, dəstək göstəriblər.

- 50 yaşınıza qədər qazandığınız ən böyük uğur nədir?

- Mənim üçün böyük uğur hansısa vəzifə deyil. Yetişdirdiyimiz futbolçuların uğuru, bizim ən böyük uğurumuizdur. Müxtəlif yaş qruplarında işləmək, onların inkişafında rol oynamaq, qazandığım peşəkar təcrübə mənim üçün böyük dəyərdir. Ən böyük uğurum bu gün də futbola olan həvəsimi itirməməyimdir.

- Ən böyük itkiniz və ya peşmanlığınız…

- Böyük itkim atamdır. Allah bütün dünyasını dəyişənlərə rəhmət eləsin. Atam mənim üçün çox böyük itkidir. Bəzi anları geri qaytarmaq mümkün deyil. Mən bunu peşmanlıq deyil, həyat dərsi kimi qəbul edirəm.

- 50 yaşınızı qeyd edərkən ən çox kimin “yaxşı ki, yanımdasan” deməsini eşitmək istərdiniz?

- Anamın. Daha sonra ailəm və mənə güvənən, inanan insanların yanımda olmasını istəyirəm. Allahımla hər gün danışıram, suallarım var və cavablarını gözləyirəm.

- Futbol Rövşən Babayevə daha çox dost qazandırıb, ya düşmən?

- Dost daha çox qazanmışam. Düşmən varsa, deməli, insanam, yaşayıram. Hardasa çalışaram ki, sayı çox olmasın. Dost qazanmaq üçün obyektivliyi itirmək olmaz.

- Gənc futbolçulara həyat təcrübənizdən bir cümləlik hansı məsləhəti verərdiniz?

- İstedad gənci futbola gətirə bilər, xarakter, intizam isə onu zirvəyə aparar. Bu amili qoruya bilsələr, inkişaf olacaq.

- Nəyə görə Rövşən Babayev indiyə kimi “Pro” almayıb?

- 16 ildir ki, A kateqoriyasını almışam. İlk dəfə 2014-cü ildə “Simurq”da işləyəndə “Pro”nu oxumağa yaxın idim. Klubun prezidenti Anar Bəkirov razı olsa da, komandanın o vaxtkı baş məşqçisi Georgi Çixradze imkan vermədi. Sözü də bu oldu ki, klubda bir “Pro” olmalıdı. 2020-ci ildə Ukraynada oxumağa getməliydim. Pandemiya imkan vermədi. Daha sonra 3 dəfə AFFA-nın kateqoriya kurslarına qatılmaq istədim. İki dəfə yer olmadı, bir dəfə isə klubsuz vaxtıma düşdü. Qısası, “Pro”nu oxumağı çox istəyirəm, amma qismət deyil. Gələn il yenidən sənədlərimi verməyi planlaşdırıram. İnanıram ki, bu dəfə tilsimi qıracam.

- Hazırda “İmişli”nin futbol akademiyasının rəhbərisiniz. Hədəfləriniz nədir?

- İnfrastruktur qurmaq, struktur yaratmaq, seleksiya işləri aparmaq, klub və milli üçün futbolçu yetişdirmək və s. 2 aydır ki, bu işə başlamışıq, rəhbərlik tərəfindən dəstək var və inanıram ki, yaxın gələcəkdə ilk hədəflərimizə çatacağıq. Müəyyən çətinliklərlə də rastlaşırıq. Əsas da uşaqların məşq və təhsili bir araya gətirə bilməməsi problemlər yaradır. Təbii ki, təhsil çox vacibdir. Bu üzdən valideynlərlə birgə bu problem həll etməyə çalışırıq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 16:30 Çək və bizə göndər!
1 Oktyabr 09:40 1:1-in əsl dəyəri