Azərbaycan–Lixtenşteyn oyunundan sonra (0:0) çəkdiyim bu video, məncə, Azərbaycan futbolunun üzünə vurulan ən ağır sillələrdən biri, bəlkə də birincisidir.
Kadrda əhalisi 40 minə belə çatmayan, futbolçuları yarımpeşəkar statusunu daşıyan, dünya futbolunda adı ilə öyünə biləcəyi heç nəyi olmayan Lixtenşteyn millisinin Bakıda qazandığı bir xalın sevincini görürük.
Bilmirəm, milli komandanın üzvləri bu mənzərəni görüb utandılar, ya yox. Amma biz jurnalistlər və tribunadakı azarkeşlər həmin an həqiqətən utanılacaq vəziyyətə düşdük.
Lixtenşteyndən uzun yol qət edib gələn, əsasən yarıpeşəkar səviyyədə çıxış edən futbolçular bu gün yüz minlərlə dəyəri olan, müxtəlif ölkələrdə legioner həyatı yaşayan, “Qarabağ”, “Neftçi”, “Sabah” kimi Premyer Liqa klublarında oynayan futbolçulardan qurulmuş Azərbaycan millisindən 1 xal almağı bacardılar.
Və həmin 1 xal onlar üçün növbəti dəfə tarixi hadisəyə çevrildi.
Əslində, bu görüntü təkcə Lixtenşteynin sevincini göstərmir. Bu, Azərbaycan futbolunun bugünkü vəziyyətinin güzgüsüdür.
Ona görə də videoya bir dəfə yox, təkrar-təkrar baxmaq lazımdır.
Bəlkə bu mənzərədə illərdir görmək və qəbul etmək istəmədiyimiz həqiqəti nəhayət qəbul edərik.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN
