Biz illərdir Azərbaycan futbolunda peşəkarlıqdan, inkişafdan, böyük klublardan, Avropa təcrübəsindən, yüksək maaşlardan, bonuslardan danışırıq. Futbolçularımız müxtəlif Avropa ölkələrində oynayır, klublarımız Çempionlar Liqasının əsas mərhələsinə çıxır, milyonlarla avro qazanılır, onlara on minlərlə manat mükafat verilir.
Bütün bunlardan sonra isə meydana çıxırsan və futbolu əsas işi olmayan rəqibə qarşı 1 qol belə, vura bilmirsən!
Pis, çox pis!
Sadəcə, rüsvayçılıqmı? Deyil!
Oyundan əvvəl hamımız bilirdik: Lixtenşteyn qapalı oynayacaq, müdafiə olunacaq, vaxt öldürəcək, səbir edəcək. Azərbaycan isə həmin müdafiəni açmalı idi.
Amma 90 dəqiqə ərzində açılmadı.
Baş məşqçi Ayxan Abbasov oyundan sonra məsuliyyəti öz üzərinə götürdü. Mahir Emreli isə azarkeşlərdən üzr istədi.
Deməli, komandanın daxilində də bu nəticənin qəbulolunan olmadığı kifayət qədər aydındır.
Əslində, burada Lixtenşteyni tənqid etməyə ehtiyac yoxdur. Onlar öz imkanları daxilində oynadılar və istədiklərini aldılar.
Əsas sual Azərbaycana aiddir.
Bəzən futbolçunun meydandakı vəziyyətini yalnız futbol səbəbləri ilə izah etmək mümkün olmur.
Bəzən məsələ futbolçunun ayağında deyil, onun özünü necə təqdim etməsində, hansı dəyərləri şəxsi həyatında qorumasında və özəl həyatını nə qədər ictimaiyyətin qarşısına çıxarmasında da müzakirə olunur.
Azərbaycan cəmiyyətində, xüsusən daha ənənəvi ailə və kişi obrazının güclü olduğu mühitlərdə “abır”, “həya”, “heysiyyət”, “qeyrət” kimi anlayışların hələ də ciddi sosial çəkisi var.
Bunlar qadının geyiminə nəzarət etmək üçün istifadə edilməli sözlər deyil.
Ancaq ailənin özəl həyatını nümayişə çevirmək məsələsində kişinin də şəxsi məsuliyyəti haqqında danışmaq mümkündür.
Çünki müasirlik öz ailəsini bütün sərhədlərdən çıxarıb nümayiş etdirmək demək deyil. Eyni şəkildə ənənə də qadının geyiminə nəzarət etmək və onu ictimai qınağın obyektinə çevirmək demək deyil.
SPORTİNFO.AZ
