İsveçdəki soydaşımız Vüqar Məmməddən şikayət etdi - "Başınıza daş düşsün! Utanmırsız?!"

23 Noyabr 2019 23:00 Qalmaqal 1 314
İsveçdəki soydaşımız Vüqar Məmməddən şikayət etdi -

İsveçin "Göteborq" klubunun U-17 klubunda çıxış edən Ayxan Cabbarovun atası Rasim Cabbarov Sportinfo.az-a müsahibə verib. O, oğlunun U-17 yığmasına dəvət olunmamasından şikayətçi olub. Cabbarov öncə bunları deyib:

"Nəyə görə Ayxan diqqətdən kənarda qalıb? Vüqar Məmmədən şikayətçiyəm. Ayxanın 16 yaşım yeni tamam olub. U-16, U-17 yığmasında çıxış edib. İki dəfə dəvət etmişdilər. Ancaq sonradan dəvət etmədilər, heç maraqlanmadılar. Özüm Vüqar Məmmədlə əlaqə saxlamaq istəmişəm, məndən qaçıb, Allahın salamını da yazmır. Mənə sadəcə səbəb desin ki, nəyə görə oğlumu dəvət etmir? AFFA rəhbərliyində çalışanlardan 1-2 nəfərlə əlaqə saxlamışam, deyiblər ki, "biz Ayxanı bəyənirik, amma öhdəlik Vüqar Məmmədlidədir, ona təzyiq edə bilmərik". Oğlum İsveçdə peşəkar klubda oynayır, gimnaziyada oxuyur. Həftədə 5 dəfə məşq edir, yüksək liqada çıxış edir, ən yaxşı üç bombardir arasındadır. Bütün İsveçdə səfərlərdə olurlar, “Tottenhem”də baxışda oldu. Türkiyə və başqa ölkədən maraqlanan komandalar da var. Demirəm, oğlum Ronaldo, Messidir. Gedib Türkiyədən “qırıq-sallaq” oyunçular gətirib oynatmaq deyilki".

- Məsələ ilə bağlı U-17 yığmasının məşqçilər ilə danışmısınız?
- Vüqar Məmmədin köməkçilərindən biri ilə danışdım. Mənə gülə-gülə deyir ki, “qardaş AFFA-dakı vəziyyəti bilirsən də?”. Deyirəm xeyr, bilmirəm nə olubki, maaşınızı vermirlər, pulunuzu vermirlər, ya sizi incidirlər? Gülür. Sonra AFFA-da rəhbər insanlardan biri ilə danışdım və ona həmin məşqçinin dediklərini bildirdim. Deyir ola bilməz. Daha sonra həmin məşqçi zəng edib deyir ki, siz məni səhv başa düşmüsünüz. Deyirəm bəs ayıb deyil?

- Ayxanı yığmaya çağırmamaqlarına hansı səbəbi gətirirlər?
- Deyirlər ki, Vüqar Məmməd Ayxanın oyununu bəyənmədi. Ayxanı bir dəfə toplanışa çağırdılar, İsveçdə imtahanları var idi. Üst-üstə düşdü gələ bilmədi. Miloş Velebit mənimlə əlaqə saxladı və bildirdi ki, onu buraxın gəlsin, onu bəyənmişik. Biz də uşaq böyütmüşük, pul istəmirəm, ev istəmirəm. 10 ildir xaricdə yaşayıram. Vətənimə belə töhvə vermək istəyirəm. Nəyə görə qarşısını alırsınız? Hər şeyi yıxırlar AFFA rəhbərliyinin üzərinə. İnanmıram ki, AFFA rəhbərliyi gedib Vüqara desin ki, Ayxanı çağırma. Bu işi sənə tapşırıblarsa sən maraqlanmalısan da. Vüqar Məmmədin köməkçisinə deyirəm ki, bir il keçib heç zəng edib maraqlanmısız Ayxanla? Deyir, yaxşı yadıma düşdü, Ayxanın vəziyyəti necədir? Deyirəm ayıbdır e, siz "jek" müdiri deyilsiz e, Azərbaycan millisini təmsil edirsiz.

- U-17 yığması elə bir müddət əvvəl Yunanıstanda keçirilən seçmə mərhələ oyunlarının hamısını məğlub başa vurub..
- Nəyinki Yunanıstanda hər yerdə uduzdular. Demirəm ki, oğlum orada olsaydı yığma bütün oyunları qalib başa vuracaqdı. U-17 yığmasında olan uşaqlar zəng edirlər Ayxana, sual verirlər ki, “səni dəvət etmədilər?”. Uşaq da depresiyaya düşür. İstəsəm oğlumu, iki ay içində Xorvatiya millisinə göndərərəm. Çünki oradan təklif var. Xorvatiya yığmasında oynayan futbolçu Ayxanla klubda komanda yoldaşıdır. Həmin uşağın atası komandanın sponsorlarından biridir və mənimlə 1-2 dəfə görüşüb. Bir neçə təklif etdi ki, oğlunu Xorvatiya yığmasına göndərək? Mən də dedim xeyr, istəmirəm, oğlum Azərbaycan yığmasının üzvüdür. Ayxanın klubundakı hazırki baş məşqçini “Liverpul”un aşağı yaş qrupundan gətiriblər. Oğluma sual verib ki, "sən heç milliyə getmirsən?" O da deyib ki, dəvət etmirlər. Həmin məşqçi də maraqlı olub, gedib Azərbaycan yığmasının oyunlarına, nəticələrinə baxıb. Ayxana deyib ki, "mən düşündüm ki, sən Azərbaycan yığması üçün zəifsən, amma baxdım ki, sizin millinin nəticəsi yoxdur, 1:5 1:7 uduza-uduza gedirsiz, niyə dəvət etmirlər?". Vüqar Məmmədi U-17 yığmasına baş məşqçi təyin ediblər. Nəyə görə oğlumu dəvət etmirlər? Azərbaycanda yüksək liqada 8 klub oynayır və hamısı da demək olar Bakı klubudur. Ayxanın çıxış etdiyi çempionatda isə 16 komanda var və hər həftə səfərdə olurlar, varlı-pullu komandadır. Uşağa dəstək vermək lazımdır da. Nəyə görə mənim oğlumu incik salırsız? Ayxan 23 nəfərlik heyətə düşə bilməyəcək qədər zəif oldu?

- Danışdıqlarınızdan belə başa düşmək olar ki, Vüqar Məmməd U-17 yığmasında olduğu müddətcə Ayxana dəvət göndərməyəcək. Bəlkə Ayxanın U-19 yığmasına düşməyini gözləyəsiniz?
- AFFA-dan mənimlə danışıblar. Onlar dedi ki, yanvardan sonra Ayxanı yuxarı yaş qruplarına dəvət edəcəyik. Dəfələrlə Vüqar Məmmədə yazmışam. Nə olardı ki, bir dəfə zəng edəsən, mesajıma cavab yazasan. İki cümləlik bir şey yaz. Yaz ki, oğlunuzu bu məsələyə görə bəyənmədim, uşaq da getsin çatışmayan keyfiyyətləri üzərində işləsin. 3-5 aydan bir əlaqə saxla, köməkçilərin maraqlansın. Axı maaş alırsız, dövlət sizə əməkhaqqı verir, Azərbaycan dövlətinin pulunu yeyirsiz, “boyunuzu yerə soxum, başınıza daş düşsün utanmırsız?". Budur sizin futbola qayğınız?

- Son dəfə Vüqar Məmmədlə nə vaxt danışımısız?
- 4-5 gün bundan əvvəl yazmışam. Heç cavab da verməyib. Ondan əvvəl dəfələrlə yazmışam. Hamısı da telefonumdadır. Heç birinə cavab vermir. "Facebook"da dostluğumda şərhçilər, futbol məşqçiləri var, onlara da yazmışam. Heç onlar da mənə də cavab verməyiblər. Bir nəfər də reaksiya verməyiblər. Amma telekanala, mətbuata çıxanda, boş-boş təkliflər verirlər, oradan-buradan oxuduqlarını deyirlər. Ayxan "Göteborq"a gələndə sol cinah hücumçusu var idi, erməni. Oğlum onu heyətdən sıxışdırıb çıxardı və həmin erməni klubunu dəyişdi. İndi gürcü, rus, xorvat, və fransız oyunçular var komandada. Hamısı da öz ölkələrinin yığmalarında oynayır. Siz görəsiz, həmin ölkələrin federasiyaları uşaqlara necə qayğı göstərir, necə maraqlanır. Mən pul, ev, maşın istəmirəm axı. Sadəcə deyirəm ki, oğlumla maraqlansınlar, uşaqlar üçün diqqət daha da həvəsləndirici olur.

- Dediyiniz kimi həmin uşaqlarla federasiyalar maraqlanır. Hər halda siz dediyiniz məsələdə federasiyanın da günahı var...
- Əlbəttə ki, elədir. Bütün günahları Vüqar Məmməddə görmürəm ki, federasiyanın da günahı var. Federasiya məsul şəxslər var ki, onlar da maraqlanmalıdılar. Amma heç nə yoxdur, sıfır.

- Yığmada indi türkiyəli futbolçular çıxış edir. Ayxan Cabbarov dəvət edilməyibsə, onun əvəzinə türkiyəli oyunçular dəvət edilir. Bu məsələyə necə şərh verəcəksiniz?
- Türkiyədə futbol bizdən yuxarı səviyyədədir. Türkiyədən oyunçu gətirib oynadırlar. Yaxşı oyun olsa öz millisinə dəvət alar da. U-21 yığmasına 2-3 futbolçu gətiriblər və onlar nəticə verir. Vüqar Məmməd də ona baxıb nəsə etmək istədi. Öz vətəndaşın qalıb kənarda, türkiyəlini oynadırsan. Oğlum olduğuna görə demirəm, amma axı Ayxan İsveç liqasında oynayır, nəticələri verir. Nə edək ikinci Ramil Quliyev edək? Axı biz torpağımızı, dövlətimizi sevirik. Uşaq böyütmüşük, istəyirəm ölkəmiz üçün oynasın. Heç olmasa maraqlanın, dövlət sizə pul verir, işinizin adı budur. Yəqin ki, dediklərimi federasiya rəhbərliyi, məşqçilər oxuyacaq. Federasiya rəhbərliyindən narazılığım yoxdur. Federasiyadan 1-2 nəfərlə əlaqə saxlamışam, deyiblər ki, “Ayxanı bəyənirik, dəvət olunmamasının səbəbini bilmirik, cavabdeh şəxs Vüqar Məmməddir, ona təzyiq edə bilmərik".

Digər Xəbərlər
Xəbər Lenti