"Şamaxı" və "Sumqayıt" arasında təşkil olunan yoxlama oyununda xoşagəlməz hadisə baş verib.
Qəbələ şəhər stadionunun köməkçi meydanında keçirilən və "Sumqayıt"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşan qarşılaşmanın gedişində iki komanda arasında gərgin anlar yaşanıb.
Buna "şirlər"in qapıçısı Rikardu Fernandes səbəbkar olub. Belə ki, portuqaliyalı qolkiper sparrinqin yeni baş məşqçisi Filipe Kandidonun ünvanına təhqiramiz ifadələr işlədib.
O, yenicə "kimyaçılar"ın sükanı arxasına keçmiş həmyerlisini söyməyə davam edincə, texniki zonadan sərt cavab alıb.
Ara çox sürətilə qızışıb və futbolçular bir-birlərinə "giriblər". Onları çətinliklə sakitləşdirmək mümkün olub.
Son hadisə göstərir ki, Azər Bağırov "Şamaxı"da intizam yarada bilməyib. Onun təyinatı ilə komandanın düzəni pozulub, anarxiya yaranıb.
Əlbəttə, baş məşqçi hazırlıq prosesini köməkçilərinə tapşırıb kənarda dayananda, bütün günü telefonda danışanda vəziyyət nəzarətdən çıxacaq. Qarını qabağa verib, arada qışqırmaqla deyil ki…
"Sumqayıt" buna qədər keçirdiyi sınaq matçlarında "Qəbələ" (1:1) və "Kəpəz"lə (0:0) heç-heçə edib. "Şamaxı" isə "Kəpəz"lə qolsuz heç-heçə edib, Qətərin "Əl-Xaritiyat" klubuna 3:0 hesabı ilə qalib gəlib.
SPORTİNFO.AZ

