ŞOK XƏBƏR! “Şəfa” rəhbərliyindən müəmmalı qərar – UEFA-nın pulu məsələyə təsir edib?

13:00 Qalmaqal 319
ŞOK XƏBƏR! “Şəfa” rəhbərliyindən müəmmalı qərar – UEFA-nın pulu məsələyə təsir edib?

Həvəskar səviyyədə idarə olunan “Şəfa”da qadın futbolu ilə bağlı baş verənlər maraqlı suallar doğurur.

Əldə etdiyimiz məlumata görə, qeyri-peşəkarların idarəçiliyində olan klubun daxilində aparılan reorganizasiya prosesindən sonra qadın komandasının fəaliyyətinin dayandırılması ilə bağlı qərar verilib.

Lakin daha sonra vəziyyət dəyişib və qadın komandasının saxlanılması gündəmə gəlib.

Burada diqqəti çəkən əsas məqam UEFA-nın qadın futbolunun inkişafı ilə bağlı siyasətidir. UEFA-nın rəsmi qaydalarına əsasən, lisenziya üçün müraciət edən klub qadın futbolunun inkişafına dəstək göstərməlidir.

Bunun yollarından biri qadınlardan ibarət əsas və ya aşağı yaş komandalarının rəsmi yarışlarda iştirakını təmin etməkdir.

Digər variantlar isə qadın futbol klubuna dəstək və ya milli assosiasiyanın müəyyən etdiyi digər layihələrin həyata keçirilməsidir.

Məsələnin maliyyə tərəfi isə daha maraqlıdır. UEFA-nın “Hat-Trick” proqramı vasitəsilə milli assosiasiyalara böyük həcmdə vəsait ayrılır.

2024-2028-ci illəri əhatə edən dövrdə UEFA-nın hər bir üzv assosiasiyası ümumilikdə 17 milyon avroyadək maliyyələşmə əldə etmək imkanına malikdir.

Bunun daxilində qadın futbolunun inkişafı ayrıca istiqamət kimi göstərilib və assosiasiyalar “UEFA Women’s Football Development Programme” çərçivəsində mövsüm ərzində 300 min avroyadək təşviq ödənişi əldə edə bilərlər.

Yəni qadın futbolu artıq sadəcə idman və sosial layihə deyil, UEFA-nın maliyyələşdirmə və inkişaf sisteminin konkret elementidir.

Maraqlıdır ki, “Şəfa” qadın futbolunda heç də təsadüfi klub deyil. AFFA-nın rəsmi məlumatına əsasən, “ağ-göylər”in U-14 qızlardan ibarət komandası 2025/26-ci il mövsümündə Azərbaycan çempionatını üçüncü pillədə başa vurub.

Bundan başqa, 2026-cı ilin fevralında Azərbaycanın qadınlardan ibarət əsas millisinə “Şəfa”dan Nərgiz Hacıyeva dəvət olunmuşdu. U-19 millisinin həmin dövrdə açıqlanan heyətində isə “Şəfa”dan bir neçə futbolçu yer alıb.

Bu fonda belə bir strukturun fəaliyyətinin dayandırılması və qısa müddət sonra yenidən bərpa edilməsi təbii olaraq sual yaradır: qərarın dəyişməsində AFFA və UEFA-nın qadın futbolu ilə bağlı tələbləri və maliyyə mexanizmləri rol oynayıbmı?

Redaksiyamıza daxil olan məlumata görə, məsələ ilə bağlı AFFA tərəfindən klubla əlaqə saxlanıldıqdan sonra qadın komandasının yenidən formalaşdırılması istiqamətində addım atılıb.

Lakin bu məlumatın detalları və AFFA ilə klub arasında aparıldığı deyilən danışığın məzmunu rəsmi şəkildə açıqlanmayıb.

Klub rəhbərliyinin, ilk növbədə vitse-prezident Əfran İsmayılovun dini baxışlarının ilkin qərara təsir edib-etməməsi barədə də müxtəlif ehtimallar səsləndirilə bilər.

Əsas sual isə açıq qalır: əgər qadın komandasının fəaliyyətinin dayandırılması klubun reorganizasiya strategiyasının bir hissəsi idisə, hansı səbəbdən qərar bu qədər qısa müddətdə dəyişdirildi?

Bəlkə də bu sualın ən dəqiq cavabını “Şəfa” rəhbərliyi və AFFA verə bilər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti