Dünəndən məlum olduğu kimi, qaydasız döyüş üzrə dünya çempionu Xamis Məmmədov dünyasını dəyişib.
Sportinfo.az xəbər verir ki, ölüm səbəbi qripdi.
Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova bildirib ki, Xamis Məmmədov bir müddət əvvəl soyuqdəymədən müalicə alıb: “Daha sonra xəstəlik şiddətlənib və onun bədənində iltihabi proses baş verib ”.
X.Məmmədov dünyaca məşhur döyüşçü Həbib Nurməhəmmədovu məğlub edən yeganə azərbaycanlıdı.
Səhiyyə Nazirliyi onun qripdən dünyasını dəyişməsi barədə məlumatlara münasibət bildirib və qeyd olunub ki, həmin şəxs xəstəxanaya müraciət etməyib:
“Meyit də Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təqdim edilmədiyi üçün onun hansı səbəbdən ölməsini demək mümkün deyil”.
Bildirilib ki, idmançı 24.01.2019-cu il tarixində Sabunçu rayon 3 saylı şəhər xəstəxanasına kəskin pnevmoniya ilə ağır vəziyyətdə gətirilib:
"Aparılan bütün reanimasiyon tədbirlərə baxmayaraq, Xamis Məmmədov 26.01.2019-cu il tarixində dünyasını dəyişib.
Yaxınları meyitin tibbi ekspertizaya göndərilməsinə qəti etiraz ediblər. Bu səbəbdən yalnız ilkin rəyə əsasən xəstəyə ağciyərlərin tromboemboliyası diaqnozu qoyulub".

