"Bilirəm ki, o, Azərbaycana xəyanət edir, düşməndi" - VİDEO

24 Dekabr 2018 09:24 Qalmaqal 571
"Bilirəm ki, o, Azərbaycana xəyanət edir, düşməndi" - VİDEO

Milli Qəhrəman Mübariz İbrahimovu təhqir edən və böhtan atan Nərmin Şahmarzadənin cəzalandırılması üçün məhkəməyə və hüquq mühafizə orqanlarına müraciət edən 9 qat dünya, 3 qat Avropa çempionu, Azərbaycan Muay-Tay Tayboks Federasiyasının vitse-prezidenti Araz Musayev və vəkil Ramil Rüstəmov tərəfindənmətbuat konfransı keçirilib,

Sportinfo.az xəbər verir ki, ictimaiyyətə işin gedişi ilə bağlı məlumatlar verilib.

Araz Musayev məsələ ilə bağlı danışıb. “Bildiyiniz kimi milli qəhrəmanımız Mübariz İbrahimov haqqında bir şəxs tərəfindən söylənilən xoşagəlməz sözləri ilk dəfə mediada görərkən rəy bildirdim ki, bu insana fikir verməyin.

Sonra bir neçə dəfə rastıma çıxdı. Gördüm ki, təhqirin axırıncı formasında, birbaşa düşmən rolunda çıxış edir.

Bundan sonra onun sonuncu çıxışı axşam saat 11-12 aralarında oldu. Bir neçə vəkilə, hüquqşünasa zəng vurdum ki, bu artıq qürurumuz M.İbrahimov haqqında ağzına gələni danışır.

Bununla bağlı vəkilimiz Ramilə müraciət edərək bildirdim ki, bunu hüquqi tərəfdən necə cəzalandırmaq olar?

O da dedi ki, onu cəzalandırmaq mümkündü. Həmin gün biz gecə saat 4-5 aralığında M.İbrahimovun atası Ağakərim İbrahimovun yanına, birbaşa Mübarizin doğulub böyüdüyü evə yollandıq.

Atasına bu barədə deyəndə təmkinlə bizə qulaq asdı. O, qəhrəman atasıdır, çox müdrik insandır. Məlumatı olduğunu bildirmədi. Elə bildik ki, ilk məlumatı ona biz vermişik. Amma bu, mümkün deyildi.

Mübarizin otağında mətbuat konfransı keçirdik. Hətta mən atasına bildirdim ki, məhkəməyə verməyimi istəsəniz də istəməsəniz də mən verəcəm, bu, mənim vətəndaşlıq borcumdur.

O, bizim şəhidimiz, qəhrəmanımızdır. Hər bir azərbaycanlının qəhrəmanıdır. Sonra o, bizə xeyir-dua verdi, bildirdi ki, bizim yanımızdadır. Mübarizin yalnız onun deyil, xalqın övladı olduğunu dedi.

Danışıqlardan sonra həmin gün məhkəməyə müraciət etdik. Bütün sənədləri qanunvericilik orqanlarına, qızın mətbuatda dediyi sözləri də çap edərək məhkəməyə təqdim etdik”.

A.Musayev vurğuladı ki, dekabrın 25-də məhkəmə keçiriləcək: “Hüquq-mühafizə orqanlarına da şikayət ərizələri vermişik.

Cinayət tərkibli faktlar, materialları da əldə edib ora təqdim edəcəyik ki, digər cinayət tərkibi əlavə olunsun. İlkin cinayət tərkibi ilə artıq iş başlayıb. Mənim vəkilim Ramil Rüstəmov tərəfindən məhkəmə işlərinə nəzarət həyata keçirilir.

Dekabrın 20-də saat 15.00-da bizim mətbuat konfransımız keçirildi. Burada yenə bildirdik ki, qanun hüquq tərəfdədir. Hüquqşünaslara və dövlətimizə müraciət etmişik,

inanırıq ki, xalqımızın qəhrəmanını hər kəs dəstəkləyəcək. 9 qat dünya çempionu, ölkəmizin bayrağını qaldırmış şəxs olaraq deyilən sözlər mənə toxunur.

Biz istəyirik ki, o, ən ağır cəzasını alsın. Bütün şəhidlərimiz, qəhrəmanlarımız rahat yatsınlar. Nərmin 2 maddə ilə cəzalandırılır. Bu haqda ola bilsin ki, düzgün ifadə verə bilmərəm, çünki bu işlə vəkilim Ramil bəy məşğul olur.

İnanıram ki, məhkəmə onun cəzasını təyin edəcək və mətbuata, xalqa bu haqda məlumat veriləcək. Bundan əlavə prokuror orqanlarına da yenidən şikayət ərizəsi ilə müraciət edəcəyik”.

Şikayətçi bildirir ki, bu gün hər hansı II-III kurs tələbəsinin belə sözlər söyləməsi anormal bir haldır: “Həyatda heç bir uğur, qələbə əldə etməyən bir şəxs belə şeylər deyə bilər.

Bunda hər hansı vasitələrin (xarici kəşfiyyat deyək, nə ad qoyaq bilmirəm) əli olduğuna inanıram. Bu, istintaq müddətində bilinəcək. Özümdən bir ad qoymaq istəmirəm.

Amma bilirəm ki, Azərbaycana xəyanət edir, Azərbaycanın düşmənidir və belə insanların burada olması mümkün deyil. Cənab prezidentimiz M.İbrahimova Milli Qəhrəman adı verib.

Hər bir evdə qəhrəman yetişir. Qəhrəmanlar bizim üçün müqəddəs və ölməzdir. Qəhrəmanlıq ən böyük zirvədir.

Hər birimizin borcudur ki, öz qəhrəmanımızı tanıyaq, qiymətləndirək. Ona görə ki, onlar olmasa vətən olmaz, vətəni qorumağa isə qəhrəmanlar lazımdır.

İstərdim ki, o, Azərbaycanda öz cəzasını alsın və burada sonadək cəzasını çəksin. Cəzasını çəkdikdən sonra isə çıxıb xalq qarşısında üzr istəsin.

İndi üzr istəyib, cəzasının yaddan çıxmasını, Azərbaycanda məşhur bir insan kimi formalaşması lazım deyil”.

A.Musayev sonadək işin arxasında olacağını bildirdi: “O, bizi, bizim qəhrəmanımızı söyüb, təhqir edib. Qəhrəmanımız Azərbaycan torpaqlarında şəhid olub.

O söyləyir ki, yatmış ermənini keçib orda öldürməsi qanunsuzluqdur. Amma erməni neynir? Bizim torpağımızda yatıb. O, Ermənistan ərazisində adam öldürməyib.

O, şəhid olduqdan sonra erməni əsgərləri onun əlini, qolunu bağlayıblar. Cənab prezidentin böyük siyasəti ilə qəhrəmanımız Azərbaycana gətirildi.

Bilirsiniz ki, bu, necə böyük hadisədir. Demək olar ki, tarixlər boyunca belə hadisələr olmur. İkinci qəhrəmanlıq bizim Ali Baş Komandanımız İlham Əliyevin atdığı addım idi ki, onu orda qalmağa, təhqir olunmağa, cəsədinin gizlədilməsinə qoymadı.

Bugünkü gündə onunla bağlı filmlər çəkilir, kitablar yazılır. Hansı ölkəyə gedirsən, Mübariz İbrahimovu film kimi xatırlayırlar, deyirlər sizdə belə bir qəhrəman var. Azərbaycanı yaxşı tanımayan insanlar bu qəhrəmanlıqla xalqı qiymətləndirir.

Məhkəmədən sonra biz yenidən mətbuat konfransı keçirəcəyik və bu haqda ictimaiyyətə məlumat verəcəyik. Narahat olan insanlara demək istəyirəm ki, o, hüquqi tərəfdən öz cəzasını alacaq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti