Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirilən ilk oyundan sonra “Keşlə” rəhbərliyi ilə hakimlər arasında gərginlik yaşanıb.
Matçdan sonra paytaxt klubunun Müşahid Şurasının sədri Zaur Axundovla qapıçı Kamran Ağayev hakimlər otağına daxil olub.
Halbuki, onların buna ixtiyarı yoxdu. Böyük ehtimalla AFFA İntizam Komitəsinin qarşıdakı günlərdə keçiriləcək növbəti iclasında “Keşlə” bu hadisəyə görə cəzalanacaq.
“Qarabağ”ın 1:0 hesabıyla qalib gəldiyi bu oyunu gənc hakim Vüqar Həsənli idarə edib. Gənc referi matç ərzində 5 dəfə əlini cibinə salıb və hamısında sarı vərəqəyə ehtiyac duyub.
Ev sahiblərindən Dani Kintana, 43 (qeyri-idman hərəkəti), qonaqlardan Conatan Ayite, 33 (qeyri-idman hərəkəti); Sərtan Taşqın, 90+4 (hakimin qərarına etiraz); Tərlan Quliyev, 90+4 (hakimin qərarına etiraz) cəzalanıb.
Belə götürəndə, «Keşlə»nin hakimlərdən şikayət etməyə əsası yoxdu. Həsənli və köməkçiləri nəticəyə təsir göstərən hər hansı ciddi və ya kobud səhvi ilə yadda qalmadı.
Uduzan tərəf iddia edə bilməz ki, idarəçlik səbəbindən matçı məğlub başa vurdular. Düzdü, Həsənli az-maz «Qarabağ»a simpatiya bəsləyirdi, lakin bu, o səviyyədə deyildi ki, «Keşlə»lilər yenilginin bununla əlaqədar olmasını desin.
Hakimlərin ev sahiblərinə simpatiyası normal haldı. Təbii ki, bu, 5-10 faizlik həddi aşmaxsa. Vüqar heç «limit»ə yaxınlaşmadı da.
Kamran Ağayev hakimlər otağına girib-çıxmağa öyrəncəəlidi. «Keşlə»nin qapıçısı dəfələrlə belə hallara yol verib, lakin heç birinə görə cəza almayıb.
İndi vəziyyət bir az qəlizdi: çünki Ağayev «fit ahibləri»nin kabinetinə tək hücum çəkməyib. Ondan qabaqda Zaur Axundov olub.
Hansı ki, «Keşlə»yə SOCAR-dan təyinat alsa da, faktiki olaraq Elxan Məmmədovun sərəncamındadı. AFFA-nın baş katibi klubla bağlı bütün məsələlərdə əsas söz sahibidi. Əlqərəz, Axundov de-fako Məmmədova tabedi.
Düzdü, baş məşqçi məsələsində fikirlər haçalandı və baş katib Tərlan Əhmədovu gətirməsinə görə MŞ sədrinə narazlığını gizlətmədi.
Axı o, əmin idi ki, Axundov Mladen Milinkoviçi qovandan sonra məhz onun məsləhət bildiyi mütəxəssisi sükan arxasına əyləşdirəcək. Oysa Məmmədovdan daha üstdəki instansiya ilə danışaraq problemi çözdü.
Sentyabrın ilk yarısından etibarən hakimlik E.Məmmədovun nəzarəti altına keçib. Ötən 11 ildə nəzarət paketi Ramin Musayevin – Peşəkar Futbol Liqasının prezidentinin əlində idisə, artıq 3 aydı ki, baş katib ən qalmaqallı sahənin yiyəsidi.
Hakimlər və hakim-inspektorlar komitələrini birləşdirən və Fritz Stuxliki ora təyin etdirən də odu. İndi bu sahəylə əlaqəli nə olursa, tənqidi çıxış edirsə, daşı baş katibin bostanına atmış sayılır.
Sözsüz, Z.Axundov bu dəyişiklikdən xəbərdardı və onun bunu bildiyi halda hakimlər otağına hücum çəkməsi elə Elxan Məmmədovun əleyhinə qalxması deməkdi.
Vüqar Həsənliyə və yardımçılarına etiraz elədin, yaxud baş katibə - nə fərqi? Yiyə və yüyən sahibi E.Məmmədov deyilmi?
«Keşlə»nin sədri bu hərəkətiylə baş katibə meydan oxumuş oldu. Sonuncu kinlidi və heç şübhəsiz, bu olayı yaddan çıxarmayacaq, öz «qaralama»sının bir küncünə qırmızı hərflərlə yazacaq.
Bəlkə də artıq yazıb. Və bundan sonra vaxtını gözləyəcək. Axundovu hərləyib-fırlayıb cəzalandıracaq, ola bilsin, elə etdi ki, klubun özü yenidən dəyişikliyə getsin.
Baş katib son 11 ildə çox «başlar»ı yeyib bu futbolda. Neçə-neçə «akula»nı udub. Axundov onların yanında cılız görünür.
E.Məmmədov tor qurmaqda hörümçəyin özünə «fora» verir, «Keşlə»ylə bağlı bir «sualtı plan» işləsin ki, heç şeytanın ağlına gəlməz. Ondan nə desən çıxar.
Zaur bəy artıq öz guşəsinə çəkilib, dünənki hərəkətinin qarşılığını gözləməyində olsun. Baş katib ona dəyən zərbənin yaratdığı yaranın üstünə sadəcə spirt və yod sürtüb dayanmayacaq.
Cavab olaraq nə düşündüyünü yaşayıb görəcəyik. Axundov bundan sonra istəyir min dəfə ondan üzr istəsin, yenə xeyir eləməz.
Məmmədov üzdə «keçdi, getdi» deyib, ürəyində «bax indi gör mən sənə neyləyəcəm» pıçıldayan təhlükəli böyük oyunçudu.
SPORTİNFO.AZ

