Oyun "alver"i edənlər - Məmmədovun cəsarəti çatdı, Hacıyevin yox…

21 Mart 14:00 Qalmaqal 1 340
Oyun "alver"i edənlər - Məmmədovun cəsarəti çatdı, Hacıyevin yox…

AFFA İntizam Komitəsi 4 nəfəri danışılmış oyunlarda iştiraka görə ömürlük futboldan uzaqlaşdırıb.

Onlardan ikisi I Liqa təmsilçisi “İrəvan”ın oyunçuları Ege Atlam və Fəhmin Muradbəylidir.

Həmçinin 4 nəfər danışılmış oyun barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 1 il şərti olmaqla 2 illik futboldan uzaqlaşdırılıb.

Bunlar “İrəvan”dan Ramin Məhərrəmov, Kamal Mirzəyev, II Liqada çıxış edən “Baku Sportinq”in üzvü Vüqar Rəhimov və “Lerik”in oyunçusu Xətai Ramazanlıdır.

Onların hər birinə 1 illik sınaq müddəti verilib.

Siyahıdan göründüyü kimi, «İrəvan»ın adı oyun «alver»ində daha çox keçir. Bu isə mövsümün əvvəlindən bəri müxtəlif problemlər/qalmaqallar yaşayan klubun sonu olmalıdır.

Daha bəsdir bu qədər biabırçılıq və özbaşınalıq! AFFA bunlara «dur» deməlidir, deməyt bacarmalıdır. Təbii ki, əgər federasiyanın hadisələrin inkişafını düzgün qiymətləndirmək istəyi varsa.

Hələlik AFFA ədalətli mövqe nümayiş etdirmir. Sərxan Hacıyev, Allah bilir, yenə kimdən qorxur.

Kölgəsindən belə, çəkinən baş katibin çıxdığı hoqqalarla I Liqanı hörmətdən salan, müxtəlif qalmaqalları ilə gündəmdən düşməyən kluba nədən bu qədər güzəştə getməsi, onlara və olanlara göz yumması maraqlı, maraqlı olduğu qədər də qəribədir.

Hacıyevin «İrəvan»a qəyyumluq etməsinin kökündə nə dayanır, bax bu da mütləq araşdırmalıdır.

2024-ci ilin İntizam Komitəsinin son qərarları bizi vadar edir ki, 2017-ci ili yada salaq.

Deməli, komitənin 16.03.2017-ci il tarixli iclasında əsas mövzu UEFA-dan daxil olmuş “danışılmış oyunlar”la bağlı hesabatlar olub.

İcraiyyə Komitəsinin müvafiq tövsiyələrinə əsaslanan komitə “danışılmış oyunlar”da iştirak edən futbol subyektləri ilə əlaqəli qərarlar çıxarıb.

9 futbolçunun “danışılmış oyunlar”da iştirakı qismən sübut edildiyinə görə onlara 2016/17 futbol mövsümünün sonuna qədər futbola aid hər bir məşğuliyyət qadağan edilib:

“Şahdağ” (Qusar)
İqrar Səmədov
Uce Cukenyere

“Rəvan” (Bakı)
Elvin Əliyev
Cəmşid Məhərrəmov

“Göyəzən” (Qazax)
Arzuman Vəliyev
Tunar Şahtaxtinski

“Energetik” (Mingəçevir)
Elvin Əlizadə
Kamran Lalayev
Ruslan Həmidov

Adları “danışılmış oyunlar”da ən çox hallanan “Rəvan” və “Şərurspor” I Diviziondan kənarlaşdırılıb. Hər iki klub I Divizionda oyunların 50 %-dən çoxunda iştirak etdiklərinə görə növbəti oyunlarında 0:3 hesablı texniki məğlubiyyət veriləcək.

I Diviziondan kənarlaşdırılmış “Rəvan”la “Şərurspor”un oyunçularına “azad agent” statusu verilməsi qərara alınıb.

Adları “danışılmış oyunlarda” hallanan “Şahdağ”, “Energetik”, “Bakılı” və “Göyəzən”ə xəbərdarlıq edilib. Bu klubların “danışılmış oyunlar”da iştirakı ilə bağlı hər hansı yeni fakt qeydə alınarsa, onlar da I Diviziondan kənarlaşdırılacaq.

Hakim Anar Niyazova ömürlük futbola aid hər bir məşğuliyyət qadağan edilib.

“Şahdağ”ın inzibatçısı Rafael Kübərov isə 2 il müddətinə futbola aid hər bir məşğuliyyətinə qadağa qoyulub.

«Rəvan» və «Şərurspor» o illərdə adı danışılmış oyunlarda ən çox hallanan komandalar sayılırdısa, indi onların yerini «İrəvan» tutub. Birdən-birə 4 futbolçusu cəza alan «İrəvan» I Liqadan kənarlaşdırılmalı deyil ki?

Bu klubun daha 3-4 oyunçusu «alver» etməlidir ki, AFFA qış yuxusundan oyansın? Nədir, yazın gəlişi də federasiyanı ayıltmayıb? Daha nəyi gözləyirlər, «İrəvan»ın kollektiv şəkildə «bazar»da iştirakını?

O vaxt AFFA-nın baş katibi Elxan Məmmədov idi. Bu ziyanverici məxluq futbolumuzu hər nə qədər geridən-geriyə atsa da, oyun «alver»i mövzusunda sərt duruşu ilə yadda qalıb.

Onun rəhbərliyi dönəmində 50-dən artıq futbolçu və funksioner analoji səbəbdən bu sahədən birdəfəlik uzaqlaşdırılıb, habelə, «Rəvan» və «Şərurspor» kimi klubların fəaliyyətinə son verildi.

Sərxan Hacıyev 2 ildən artıqdır baş katibdir, Zahid Niyazəliyev kimi adı mediada hər üzünə fırıldaqcı olaraq hallandırılan birilərinin əlində aciz qalıb.

I Liqanın Əsasnaməsini sistematik halda pozan «İrəvan»ı çempionatdan kənarlaşdırmağa onun gücü çatmırsa, daha niyə o vəzifəni tutsun ki?

Getsin, daha qətiyyətli birisi gəlsin. Ondan sonra müvafiq qurumlar araşdırmaya başlayar ki, Hacıyevin Niyazəliyevin çevrəsinin bəd əməllərinə göz yumması təsadüfidir, yoxsa onlar arasında hansısa gizli bağlantı mövcuddur.

İrəvan adıyla zarafat edilməməlidir. Həssas və strateji məsələdir. Zahid Niyazəliyev və onunla bir masanı bölüşənlərin nə haqqı var ki, Azərbaycanın tarixi torpaqlarının təmsilçisi sayılan klubun başına min bir oyun gətirsin, rüsvay etsin?

Bu sözlər eləcə də AFFA-ya aiddir. «İrəvan»dan ötrü canınız yanırsa, qarşıdakı həftələrdə daha bir neçə rüsvayçılıq yaşamasını istəmirsizsə, indidən çempionatdan kənarlaşdırın klubu.

Vaxt və imkan verin, bura yeni rəhbərlik gəlsin, gələn mövsümə II Liqadan başlasınlar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!