Zəmanət yox, bir şey yox - Bizi qorxudan nədir?

14:00 Problem 48
Zəmanət yox, bir şey yox - Bizi qorxudan nədir?

Futbol ictimaiyyətində tez-tez belə bir fikir səsləndirilir: süni örtüklü meydançada məşq edən futbolçu təbii ot örtüyündə yetişən futbolçu qədər inkişaf edə bilməz.

Bəs bu yanaşma elmi faktlara əsaslanır, yoxsa illər ərzində formalaşmış yanlış təsəvvürdür?

Avropanın aparıcı futbol ölkələrinin təcrübəsinə nəzər saldıqda maraqlı mənzərə ilə qarşılaşırıq. Almaniya, İspaniya, İngiltərə və digər ölkələrdə süni örtüklü meydançalar uşaq futbolundan başlayaraq geniş istifadə olunur.

Bunun konkret nümunələri var.

Almaniyada “Borussiya Dortmund”un “EVONIK Football” akademiyasında 4–13 yaşlı uşaqların məşqləri yalnız süni örtüklü meydançalarda keçirilir.

İspaniyada “Villarreal”ın təlim-məşq bazasında 5 təbii ot örtüklü və 3 süni örtüklü tam ölçülü meydança mövcuddur. Kiçik yaş qrupları üçün də süni örtüklü meydançalardan istifadə edilir.

“Atletik Bilbao”nun Lezama akademiyasında isə 4 təbii və 4 süni örtüklü standart meydança fəaliyyət göstərir.

Bu faktlar göstərir ki, söhbət təsadüfi seçimdən deyil, peşəkar futbol infrastrukturunun planlaşdırılmasından gedir.

Bəs Avropa ölkələri niyə süni örtüklü meydançalardan istifadə edir?

Almaniya, Çexiya, Serbiya və Şimali Avropa ölkələrində hava şəraiti təbii ot örtüyündən istifadəyə müəyyən məhdudiyyətlər yarada bilər. Süni örtük məşq prosesinin daha davamlı təşkilinə imkan verir.

Bir süni örtüklü meydançadan gün ərzində bir neçə yaş qrupu istifadə edə bilər. Təbii ot örtüyü isə intensiv istifadədən sonra bərpa müddətinə ehtiyac duyur.

Yağış, soyuq hava və mövsümi dəyişikliklər məşq proqramının pozulmasına səbəb olmamalıdır.

Süni örtük bu baxımdan daha geniş istifadə imkanı yaradır. Xüsusilə böyük akademiyalarda yüzlərlə futbolçunun məşq ehtiyacını qarşılamaq üçün müxtəlif növ meydançaların olması vacibdir.

Süni örtük futbolçunun inkişafına mane olurmu? Xeyr. Süni örtüklü meydançada məşq etmək futbolçunun texniki, taktiki və fiziki inkişafını avtomatik olaraq məhdudlaşdırmır.

Futbolçunun inkişafına təsir edən əsas amillər:

Məşqin keyfiyyəti və metodologiyası

Məşqçinin peşəkarlığı

Texniki və taktiki hazırlıq

Fiziki yüklənmənin düzgün idarə olunması

Oyun təcrübəsi

Fərdi inkişaf və psixoloji hazırlıq

Təbii ot örtüyündə məşq etmək də özlüyündə yüksək səviyyəli futbolçu yetişdirilməsinə zəmanət vermir.

Bizim müzakirə etməli olduğumuz məsələ futbolçunun hansı örtükdə məşq etməsi ilə məhdudlaşmamalıdır. Əsas sual budur: futbolçulara hansı keyfiyyətdə məşq prosesi təqdim edirik?

Süni örtüklü meydançada futbolçu yetişmir demək elmi baxımdan əsaslandırılmamış yanaşmadır.

Avropa futbolunun təcrübəsindən öyrənməli olduğumuz əsas məqam meydançanın növündən asılı olmayaraq infrastrukturun düzgün planlaşdırılması, məşq prosesinin elmi əsaslarla qurulması və futbolçunun uzunmüddətli inkişafının təmin edilməsidir.

Yaxşı futbolçu yalnız yaxşı meydançada deyil, düzgün qurulmuş inkişaf sistemində yetişir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti