Toral Bayramov Azərbaycan futbolunda bir çox həmkarının bəlkə də yuxusunda görəcəyi uğurlara imza atıb.
Beş dəfə ölkə çempionu olub, iki dəfə Azərbaycan kubokunu qazanıb. 2024-cü ildə Azərbaycanın ən yaxşı futbolçusu seçilib. Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının qrup və liqa mərhələlərində mübarizə aparıb. Son illərdə millimizin aparıcı üzvlərindən birinə çevrilib.
Amma bu gün üzləşdiyi durum acınacaqlıdır. Hətta bir qədər də irəli gedib faciəvi adlandırmaq olar.
Azərbaycan futbolunda kifayət qədər nüfuz qazanan, Avropa arenalarında qollar vuran, məhsuldar ötürmələr verən futbolçumuz indi “Bursaspor” azarkeşlərinin məzə obyektinə çevrilib. Türkiyə klubunun fanatları həmyerlimizi sosial şəbəkələrdə müxtəlif ifadələrlə linç edir, məsxərəyə qoyurlar.
Təbii ki, Toralın bu vəziyyətə düşməsində özünün də günahı az deyil. “Qarabağ”dakı isti yuvasını tərk edib Türkiyəyə nüfuz, şan-şöhrət və pul dalınca yollanan solaxay futbolçumuz getdiyi ölkədə ona bəslənən ümidləri doğrulda bilmir.
Bəlkə də Super Liqaya üz tutsaydı, bunu müəyyən qədər anlayışla qarşılamaq olardı. Düşünmək olardı ki, futbolçu uşaqlıq arzusunu gerçəkləşdirmək, “Fənərbağça”, “Qalatasaray”, “Beşiktaş”, “Trabzonspor” kimi nəhənglərə qarşı oynamaq üçün Türkiyəyə yollanıb. Ancaq indi söhbət birinci liqadan gedir. Həmin liqada belə özünü təsdiqləyə bilməmək, verilən şanslardan yararlanmamaq Toralı bugünkü vəziyyətə gətirib çıxarıb.
“Antalyaspor”la qarşılaşmada dünya futbolunda bəlkə də analoqu olmayan avtoqola imza atması isə “Bursaspor”da olan-qalan son ümidləri də puça çıxardı. Bundan sonra əsas heyətdə yer alması, azarkeşlərin rəğbətini yenidən qazanması olduqca çətin, bəlkə də mümkünsüz görünür.
Təbii ki, günahkar ilk növbədə özüdür. Amma onu bu yola çəkənlərin – Türkiyə ideyasını ağlına salanların, serialları ilə azərbaycanlıların könlünə yol tapan ölkəyə daşıyan(lar)ın məsuliyyəti az deyil.
“Qarabağ”da qalsaydı, Elvin Cəfərquliyevin uzun müddətə sıradan çıxması fonunda yenə əsas heyətdə yer almaq, komandanın aparıcı simalarından biri olmaq şansı vardı. Ağdam klubunda həm özünə, həm də gələcəyinə xidmət edəcək uğurlu karyera yolunu davam etdirə bilərdi.
Amma öz əli ilə özünə vurduğu zərbədən sonra Toralın əvvəlki günlərinə qayıtması heç də asan görünmür. Ən azı, Azərbaycan futbol ictimaiyyətinin və azarkeşlərin gözündə əvvəlki mövqeyini bərpa etmək çətin olacaq.
Artıq sosial şəbəkələrdə azarkeşlərin bir çoxu onun “Qarabağ”a qayıtmamasını, Türkiyədə qalmasını və ya başqa ölkəyə getməsini məsləhət görür. İllər öncə Qara Qarayev “Neftçi”nin puluna şirniklənib əfsanəsi olacağı komandadan necə ayrılmışdısa, bu gün Toral eyni cür qəbul edilir.
Özü yıxılan ağlamaz. Toral bundan sonra ayağa qalxmalı, üst-başını təmizləyib yoluna davam etməlidir. Əlbəttə, əgər qarşısında hələ də işıq görünürsə.
HƏBİB / SPORTİNFO.AZ
