«Əlbəttə, biz rəhbərlik olaraq nəticə istəyirik, bunu da arzulayırıq. Məşqçi korpusundan gözləntimiz budur».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Şəfa»nın vitse-prezidenti Əfran İsmayılov dilə gətirib.
22 ildən sonra Premyer Liqaya qayıdan paytaxt təmsilçisi mövsümün arxada qalan bölümündə uğursuzluğa düçar olub.
Səkkiz tura 3 xal toplayan «ağ-göylər» turnir cədvəlinin 11-ci pilləsində yer alıb.
Yeddi məğlubiyyət almış şəhərlilər bu vəziyyətdən necə çıxacaq?
Klub funksionerinin cavabını dinləyək:
«Zaur Həşimova və köməkçilərinə inanırıq. Məsələyə haradan baxsaq, yenə də hər şey gəlib sonda nəticəyə çıxır.
Xal və xallar qazanmağımızı gözləyirik. Ona görə də əlimizdən gələn hər köməkliyi baş məşqçiyə etməyə çalışırıq.
Zaur müəllimlə danışmışıq, sözümüzü bildirmişik. Bizə deyib ki, hər şey qaydasındadır.
Rəhbərlik tərəfindən də heç bir problem yoxdur. Baş məşqçi son görüşdə dedi ki, komandaya yaradılan şəraitdən razıdır və rəhbərliyin hər cür dəstəyini görür.
Məşq yeri, otel, qida və digər nə varsa - özü də deyir ki, hər şey yüksək səviyyədədir. Bir dənə qalır nəticə.
Zaur müəllim bildirib ki, bir qələbə qazansaq, ardı gələcək. Biz də söz vermişik ki, tezliklə xal və ya xallar qazansaq, şərait bundan da yaxşı olacaq».
