Vitse-prezident öz komandasının oyunçularını 1 cümlə ilə necə dəyərsizləşdirir?

15:20 Problem 116
Vitse-prezident öz komandasının oyunçularını 1 cümlə ilə necə dəyərsizləşdirir?

“Şəfa”nın vitse-prezidenti Əfran İsmayılovun “Sumqayıt”la oyundan sonra səsləndirdiyi fikirlər ciddi müzakirəyə səbəb olmalıdır.

Xüsusilə futbolçuların 99 faizinin Avropada olmaması ilə bağlı açıqlaması həm peşəkar yanaşma, həm də futbolçu əməyinə hörmət baxımından suallar yaradır.

Əvvəla, futbolçunun keyfiyyəti onun Avropada oynayıb-oynamaması ilə ölçülmür. Avropada çıxış etməmək futbolçunun zəif olması demək deyil.

Azərbaycan futbolunda illərlə özünü sübut etmiş, milli komandaya qədər yüksəlmiş, yerli çempionatda yüksək səviyyədə çıxış etmiş futbolçular var. Onların karyerasını bir cümlə ilə dəyərsizləşdirmək nə dərəcədə doğrudur?

Əgər klub rəhbərliyi bu futbolçuları seçib komandaya dəvət edibsə, onların keyfiyyətinə inanıb müqavilə bağlayıbsa, indi nəticələr istənilən səviyyədə olmayanda məsuliyyəti futbolçuların üzərinə atmaq nə qədər ədalətlidir?

Bir futbolçuya müqavilə təklif edən, onun transferinə qərar verən, komandanın heyətini formalaşdıran şəxslər də məsuliyyət daşıyırlar.

Seleksiya uğursuz olubsa, bu, yalnız futbolçunun problemi deyil. Bu, həm də idman rəhbərliyinin və klubun futbol strategiyasının problemidir.

Əfran İsmayılov futbolçuların motivasiyasını qaldırmaqdan danışır. Bəs onların motivasiyasını aşağı salan açıqlamaların məsuliyyətini kim daşıyır?

Komandanın vitse-prezidenti ictimaiyyət qarşısında öz oyunçularının böyük əksəriyyətinin Avropa təcrübəsi olmadığını xüsusi vurğulayırsa, bu, həmin futbolçulara hansı mesajı verir?

Peşəkar idarəçilik futbolçunu ictimaiyyət qarşısında hədəfə çevirmək deyil. Əksinə, onun güclü və zəif tərəflərini müəyyənləşdirmək, inkişafı üçün şərait yaratmaq və meydanda daha yaxşı çıxış etməsinə kömək etməkdir.

Digər mühüm məsələ isə büdcə ilə bağlıdır. Əfran İsmayılov büdcəyə uyğun davrandıqlarını bildirir. Ancaq büdcəyə uyğun transfer etmək klubun məsuliyyətini aradan qaldırmır.

Əgər seçilmiş futbolçuların səviyyəsi gözlənilən nəticəni vermirsə, bunun səbəbləri araşdırılmalıdır. Məşq prosesi, taktiki hazırlıq, fiziki hazırlıq, oyun modeli, seleksiya və idarəetmə – bunların hamısı kompleks şəkildə qiymətləndirilməlidir.

Bir məqamı da unutmaq olmaz: futbolçular bu kluba öz istəkləri ilə təsadüfən gəlməyiblər. Onları dəvət edən, müqavilə təklif edən və bu heyətə güvənən klubun özüdür.

İndi isə həmin oyunçuların səviyyəsini ictimaiyyət qarşısında müzakirə etmək əvəzinə, onları seçən sistemin nə dərəcədə düzgün işlədiyinə baxmaq lazımdır.

Dilan Mertens Niderlandın “Volendam”, “Telstar” və “TOP Oss”, Bolqarıstanın “Botev Plovdiv” və Rusiyanın “Fakel Voronej” klublarında çıxış edib.

Kristofer Mamengi Niderlandın “Utrext”, “Yonq Utrext” və “Almere Siti” komandalarında oynayıb. O, 2018-ci ildə Niderlandın U-17 yığmasının heyətində Avropa çempionu olub.

Maudo Jaryue Portuqaliyanın “Jil Visente”, Avstriyanın “Austriya Vyana”, İsveçin “Elfsborq”, Slovakiyanın “Slovan Bratislava” və Norveçin “Sandefjord” klublarında forma geyinib.

Bafode Dansoko İsveçrənin “Vinterthur”, Belçikanın “Patro Eysden”, “Deynze” və “La Luvr” komandalarında çıxış edib.

Treyvon Fuller Portuqaliyanın “Tondela”, “Leixões” və “Covilhã”, həmçinin Gürcüstanın “Dila Gori” klublarında oynayıb.

Oumar Diaw Fransa və Belçika klublarında çıxış edib. Andrey Dragu isə Rumıniyanın “Viitorul Pandurii”, “Botoșani”, “FCU Craiova” və “Unirea Slobozia” komandalarında forma geyinib.

Vlad Pop da Rumıniyada - “Unirea Sloboziya”da çıxış edib.

Əfran İsmayılova sualımız var: Hörmətli vitse-prezident, əgər futbolçuların 99 faizi Avropa təcrübəsinə malik deyilsə, bu heyəti formalaşdırarkən siz hansı meyarlara əsaslanmısıız?

Əgər futbolçuların keyfiyyəti kifayət etmirsə, onları komandaya gətirən seleksiya heyətinin məsuliyyəti nədən ibarətdir?

Futbol idarəçiliyində məsuliyyət yalnız qələbə zamanı futbolçularla şəkil çəkdirməkdən ibarət deyil. Uğursuzluq zamanı da qərarların arxasında dayanmağı bacarmaq lazımdır.

Futbolçuların karyerasına hörmət etmək lazımdır. Onların Avropada oynayıb-oynamaması deyil, meydanda göstərdikləri performans əsas qiymətləndirmə meyarı olmalıdır.

Futbolçuların səviyyəsini müzakirə etməzdən əvvəl onları seçənlərin, hazırlayanların və idarə edənlərin fəaliyyətinə də obyektiv qiymət verilməlidir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti