Nəhayət ki, «Şəfa»dan da səs çıxdı.
Öncə vitse-prezident Əfran İsmayılov, ardınca da baş məşqçi Zaur Həşimov dilə gəldi.
İki həftədir ikisi də hakimlikdən dad döyürlər.
Premyer Liqada ağlamayana pəpə vermirlər. Gərək narazılığını ictimailəşdirəsən, hər tərəfə yayasan ki, sənə diqqət yetirsinlər, özlərini bir az da olsa, yığışdırsınlar.
Gecikiblərmi, gecikiblər. Daha əvvəl etiraz səslərini ucaltmalı idilər. Çün «Şəfa»ya yönəlik hakim xətaları 10-11-ci turları əhatə eləmir.
Çempionatın ilk həftələrindən etibarən, ayrı-ayrı hakimlər «Şəfa»nın əleyhinə kampaniyada iştirak ediblər. Əliyar Ağayevin də həmin bu «qafilə»yə qoşulması təəssüf doğurur.
Azərbaycanın ən reytinqli FİFA referisinin «Araz-Naxçıvan»la qarşılaşmada yol verdiyi iki kobud səhv araşdırmaya açıqdır. O, Nicat İsmayıllı deyil ki, nə etdiyini bilməsin.
Təpədən-dırnağa təcrübəli biridir, karyerası boyunca Çempionlar Liqası görüb, «Mançester Siti» görüb.
Ağayevin «Şəfa»nın qolunu saymaması, «Araz»ın qapısına penalti təyin etməməsi oğurluqdur.
Hakimliyinin son illərini yaşayan Ağayevin təsadüfən belə xətalara yol verməsinə bəndəniz inanmır. Hansı tərəfin maraqlarını nəzərə almasını təhqiq eləmək isə mənə düşməz.
Bunun üçün AFFA-nın öz orqanı var, onların da gücü çatmasa, hüquq-mühafizə orqan(lar)ı var.
ELNUİR
