"Qarabağ"dan xal almaq önəmlidi, amma müəyyən qədər təəssüf hissi var"

10 Noyabr 23:00 Qəbələ 153
"Qarabağ"dan xal almaq önəmlidi, amma müəyyən qədər təəssüf hissi var"

"Qəbələ"nin yarımmüdafiəçisi Elvin Camalov Premyer Liqanın 10-cu turunda "Qarabağ"la qolsuz heç-heçə ilə başa çatan görüşdən sonra Sportinfo.az-a müsahibə verib.

– İlk olaraq oyun barədə nələr deyə bilərsən?

– Məncə, kifayət qədər yaxşı və gərgin oyun keçirdik. Qarşımızda güclü rəqib var idi. Buna baxmayaraq, meydanda öz oyunumuzu göstərməyə çalışdıq. Komanda olaraq intizamlı oynadıq, sona qədər mübarizə apardıq və düşünürəm ki, qazandığımız bir xalın arxasında böyük zəhmət var.

– “Qarabağ” pis oyun keçirdi, yoxsa “Qəbələ” yaxşı oynadı?

– Məncə, daha çox bizim yaxşı oyunumuzu qeyd etmək lazımdır. “Qarabağ”ın gücünü və təcrübəsini hamımız bilirik. Amma biz rəqibə öz oyunumuzu oynamağa imkan vermədik, düzgün müdafiə olunduq və hücumda da təhlükəli epizodlar yaratdıq. Bu, komandamızın düzgün yolda olduğunu göstərir.

– Son iki oyunda komanda uduzmur. Yeni baş məşqçi nəyi dəyişdi?

– Yeni baş məşqçinin gəlişindən sonra komandada həm taktiki, həm də psixoloji baxımdan müəyyən dəyişikliklər hiss olunur. Futbolçuların özünəinamı artıb, meydanda daha intizamlı və inamlı oynayırıq. Ən əsası, komandada birlik və mübarizə ruhu var. Düşünürəm ki, bunun nəticələrini artıq görməyə başlamışıq.

– Növbəti rəqib “Zirə”dir. Uğurlu seriyanı davam etdirmək mümkün olacaq?

– “Zirə”yə qarşı bizi çətin oyun gözləyir. Rəqibin gücünə hörmətlə yanaşırıq, amma özümüzə də inanırıq. Son iki oyunda məğlub olmamağımız bizə əlavə motivasiya verir. Əlimizdən gələni edəcəyik ki, bu seriyanı davam etdirək və meydandan yaxşı nəticə ilə ayrılaq.

– “Qəbələ”nin daha çox real qol imkanları oldu. Matçdan sonra yada salanda bir xala üzüldünüz, yoxsa bərabərlik sizin üçün yetərlidir?

– Açığı, yaratdığımız qol imkanlarını nəzərə alsaq, oyundan üç xalla ayrılmaq da mümkün idi. Buna görə müəyyən qədər təəssüf hissi var. Amma digər tərəfdən, “Qarabağ” kimi güclü rəqibə qarşı qapımızı toxunulmaz saxlamaq və xal qazanmaq da önəmlidir. Düşünürəm ki, bu bir xal bizim üçün dəyərlidir, amma daha artığı da ola bilərdi.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
10 Noyabr 18:10 Çək və bizə göndər!
10 Noyabr 04:30 "Zəfər Kuboku" keçirildi