“Oyuna qələbə qazanmaq üçün çıxmışdıq.
Nə qədər çalışsaq da, qələbə topunu vura bilmədik”.
“Səbail”in legioneri Ezekiel Morqan Sportinfo.az-a açıqlamasında komandasının “Gəncəbasar”la 2:2 oynadığı matçı şərh edib.
Noyabrın 5-də I Liqanın 7-ci turu çərçivəsində baş tutan mərkəzi qarşılaşma gərginliyi və məhsuldarlığı ilə yadda qaldı.
Mövsümün sürpriz kollektivi olan Gəncə təmsilçisi öncə hesabı bərabərləşdirdi, ardınca hesabda önə çıxdı, lakin qələbə hesabını qoruya bilmədi – 2:2. İtirən isə təbii ki, “Səbail” oldu.
24 yaşlı qanalı yarımmüdafiəçi böyük büdcəyə sahib olan “dənizçilər”in 7 turda cəmi 3 qələbə qazanmasının və yuxarı pillələrdən uzaq düşməsinin səbəbini futbolçularla əlaqələndirib:
“Günah biz futbolçulardadır. Kollektiv olaraq futbol mentalitetimizi dəyişməli, qələbə uğrunda mübarizə aparmalıyıq.
Bu komanda çox şeyə qadirdir. Lakin belə oyunla çempion olmaq mümkün deyil.
Rəqiblərin hamısı çempionluğa köklənib. Hamı qalib olmaq istəyir. Biz futbolçular öz aramızda danışmalı, vəziyyəti müzakirə etməli, çıxış yolu tapmalıyıq”.
Morqana ünvanladığımız “bəlkə baş məşqçini dəyişmək lazımdır” sualına cavab belə oldu:
“Baş məşqçini dəyişmək çıxış yolu deyil. Rəhbərlik və məşqçilər heyəti lazım olan şəraiti yaradıb, lazım olan dəstəyi verirlər.
Problem komandanın düşüncə tərzindədir. Baş məşqçi dəyişsə, mentalitet yenə həminki qalsa, bu cür də davam edəcək.
Dediyim kimi, özümüzdə, düşüncəmizdə dəyişiklik etsək, çempion olacağıq”.
7 turdan sonra aktivində 12 xal olan “Səbail” 10 komanda arasında 5-ci pillədə qərarlaşıb.
HƏBİB
