Qadın voleybolçulardan ibarət “Turan” komandasının üzvü Ayşən Əbdüləzimova CEV Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununda Bolqarıstanın “Maritsa” klubu üzərində qazanılan 3:0 hesablı qələbəni dəyərləndirib.
Sportinfo.az xəbər verir ki, voleybolçu qarşılaşmadan sonra açıqlamasında əsas məqsədlərinin Tovuz təmsilçisi olaraq tarix yazmaq olduğunu bildirib.
“Bugünkü oyun da səfər qarşılaşması kimi bir qədər gərgin keçdi. Amma əsas olan qələbə qazanmaq və bir region klubu olaraq tarix yazmaq idi.
Bütün Tovuzu təbrik edirəm. Azarkeşlərimizə xüsusi təşəkkürümü bildirirəm. İnşallah, qrup mərhələsində də əlimizdən gələni edəcəyik, sona qədər mübarizə aparacağıq”, - deyə voleybolçu bildirib.
Əbdüləzimova qrup mərhələsində qarşılaşacaqları rəqiblərin gücünə də toxunub:
“Rəqiblərimiz kifayət qədər güclüdür. “Skandiççi” və “Əczaçıbaşı” komandalarına qarşı əvvəllər oynamışam. Onların gücünü yaxşı bilirəm. Amma biz də zəif rəqib deyilik”.
İlk qarşılaşmada da (səfərdə) 3:0 hesablı qələbə qazanan “Turan” iki oyunun nəticəsinə əsasən növbəti mərhələyə yüksəlib.
Beləliklə, komandamız CEV Çempionlar Liqasının qrup mərhələsində D qrupunda mübarizə aparacaq. Təmsilçimizin rəqibləri Türkiyənin “Eczacibasi Peron ISTANBUL”, İtaliyanın “Savino Del Bene SCANDICCI” və Serbiyanın “Tent OBRENOVAC” klubları olacaq.
“Turan” qrup mərhələsində ilk oyununu noyabrın 25-də səfərdə İtaliyanın “Savino Del Bene SCANDICCI” klubuna qarşı keçirəcək.
