Premyer Liqasının 10-cu turu bəzi futbolçular üçün tamaşa meydanı olacaq.
Həftəsonu baş tutacaq matçlarda iki futbolçu komandalarına kömək edə bilməyəcək.
Maraqlıdır ki, onların hər ikisi braziliyalıdır.
Söhbət “İmişli”nin yarımmüdafiəçisi Luis Silvestr və “Neftçi”nin müdafiəçisi İqor Ribeyrodan gedir.
Hər iki futbolçu əvvəlki turlarda birbaşa qırmızı vərəqə aldıqlarına görə cəzalı duruma düşüb.
Luis Silvestr sentyabrın 19-da keçirilən “Sabah” – “İmişli” qarşılaşmasının 90+1-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə meydandan qovulub.
AFFA İntizam Komitəsi braziliyalı yarımmüdafiəçini 4 oyunluq diskvalifikasiya edib. Qarşıdakı tur onun cəzasının son oyunu olacaq.
İqor Ribeyro isə oktyabrın 24-də “Turan Tovuz”la keçirilən görüşün 29-cu dəqiqəsində ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alıb.
AFFA İntizam Komitəsi “Neftçi”nin müdafiəçisini 2 oyunluq cəzalandırıb. Beləliklə, Ribeyro da Premyer Liqanın 10-cu turunda meydana çıxa bilməyəcək.
Oktyabrın 30-da “Turan Tovuz” – “Sabah”, bir gün sonra “Araz-Naxçıvan” – “Zirə”, “Qəbələ” – “Qarabağ”, noyabrın 1-də “Şamaxı” – “Neftçi”, “Kəpəz” – “İmişli”, noyabrın 2-də “Sumqayıt” – “Şəfa” qarşılaşmaları baş tutacaq.
HƏBİB / SPORTİNFO.AZ
