“Borussiya”nın Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda “Sabah”la keçirilən oyundan (2:1) sonra futbolçularının Bakı Olimpiya Stadionundakı (BOS) duşlardan istifadə etməməsinin səbəbi məlum olub.
Sportinfo.az Almaniyanın “Bild” nəşrinə istinadən xəbər verir ki, “Borussiya” rəhbərliyi stadionun su təchizatı sistemində legionella bakteriyalarının ola biləcəyindən narahatlıq keçirib.
Bu bakteriyalar insanlarda təhlükəli yoluxucu xəstəliklərə səbəb ola bilər.
Nəşrin məlumatına görə, alman klubu futbolçularının sağlamlığını riskə atmamaq üçün duşlardan istifadə etməmək qərarına gəlib.
Legionella bakteriyaları, xüsusilə borularda suyun uzun müddət durğun qalması nəticəsində su sistemlərində çoxala bilər. İnsanlar duş qəbul edərkən havaya yayılan çirklənmiş su damcılarını nəfəsə çəkdikdə bu bakteriyalara yoluxa bilərlər.
Bununla belə, “Bild” Bakı Olimpiya Stadionunda legionella bakteriyalarının mövcudluğunu təsdiqləyən hər hansı sübut təqdim etməyib.
Beləliklə, söhbət stadionun suyunda bakteriyaların aşkar edilməsindən deyil, alman klubunun ehtimal olunan təhlükə ilə bağlı narahatlığından gedir.
Məlumata görə, “Borussiya” futbolçuların oyundan sonra duş qəbul etməsi və bərpa prosedurlarından keçməsi üçün oteldəki spa zonasını da əvvəlcədən bron edib.
Oyundan sonra alman komandasının baş məşqçisi Niko Kovaç futbolçulara stadionun duşlarından istifadə etməməyi tövsiyə etdiklərini bildirmişdi.
Eyni qərar komandanın oyundan əvvəlki məşqindən sonra da qəbul olunmuşdu. Klubun idman direktoru Ole Buk isə oteldəki duşların daha cəlbedici göründüyünü söyləmişdi.
