“Sampdoriya”nın hücumçusu Lorenzo Mezzoteronun zədə səbəbindən Azərbaycan millisinin heyətindən çıxarılması İtaliya mətbuatında onun gələcək milli komanda seçimi baxımından müzakirəyə səbəb olub.
Sportinfo.aiz “TuttoMercatoWeb”ə istinadən xəbər verir ki, nəşr 18 yaşlı futbolçunun əsas millidə debütünün təxirə düşməsini “İtaliya hələ ümid edə bilər” ifadəsi ilə şərh edib.
Jurnalist Tommazo Maskionun noyabrın doqquzunda yayımlanan materialında Mezzoteronun “Karareze” ilə görüşdə zədələndiyi və Azərbaycan millisinin qarşıdakı toplanışında iştirak edə bilməyəcəyi bildirilib.
Müəllif hücumçunun indiyədək yalnız Azərbaycanın U-21 yığmasında çıxış etməsinə diqqət çəkərək onun gələcəkdə İtaliya millisini təmsil etməsi perspektivini yenidən gündəmə gətirib.
Bu mövzu daha əvvəl “Chiamarsi Bomber” portalında da müzakirə olunub. Nəşr noyabrın altısında Mezzoteronun Azərbaycan millisinə dəvətini “İtaliya 2008-ci il təvəllüdlü istedadı itirmək riski ilə üz-üzədir” başlığı ilə təqdim edib.
Jurnalist Culio Piras Azərbaycanın operativ davranmasını vurğulayıb. Onun yanaşmasına görə, hücumçu İtaliyada diqqət çəkməyə başladığı vaxt Azərbaycan artıq onu əsas milli komandaya çağıraraq beynəlxalq karyerasında növbəti addımı atmaq imkanı yaradıb.
AFFA Mezzoteronun son çempionat matçında aldığı zədə səbəbindən heyətdən çıxarıldığını açıqlayıb. Onun əvəzinə “Araz-Naxçıvan”ın futbolçusu Ağadadaş Salyanski milliyə dəvət olunub.
