“Borussiya” təlaş içində - Bakıda da uğursuz nəticə göstərsə, onları nə gözləyir?

16:20 Problem 114
“Borussiya” təlaş içində - Bakıda da uğursuz nəticə göstərsə, onları nə gözləyir?

Dortmund “Borussiya”sı Çempionlar Liqasının Liqa mərhələsində “Sabah”la keçirəcəyi oyun öncəsi çətin vəziyyətə düşüb.

Sportinfo.az xəbər verir ki, Almaniyanın WDR telekanalının (İctimai Televiziya və radio yayımçısı) saytında yayımlanan yazıda Dortmund təmsilçisinin son 3 matçda qələbə qazana və son 2 görüşdə qol vura bilmədiyi xatırladılıb.

Bildirilir ki, “Borussiya” Bakıda da uğursuz nəticə göstərsə, komandadakı böhranla bağlı müzakirələr daha da güclənəcək.

Niko Kovaç: “Bundan faciə yaratmıram”

“Borussiya”nın baş məşqçisi Niko Kovaç isə komandasında böhran yaşandığı fikri ilə razılaşmır.

“Biz Bundesliqada turnir cədvəlində ikinci yerdəyik və “Bavariya” ilə eyni xala sahibik. “Verder”lə oyunda üstün tərəf idik, amma bəxtimiz gətirmədi və 2:2 hesablı heç-heçə etdik.

“Union”la matç isə 0:0 hesabına uyğun oyun idi. Bir görüşdə isə məğlub olduq. Nəticələrdən razı deyiləm. Amma bundan faciə yaratmıram. Komandamızın vəziyyəti dəyişmək üçün kifayət qədər keyfiyyəti var. Buna əminəm”, – deyə 55 yaşlı mütəxəssis bildirib.

“Borussiya”nın hücum xəttində problemlər var

Komandanın hücumdakı məhsuldarlığının azalması məşqçilər korpusunu yeni variantlar axtarmağa məcbur edib. Xüsusilə Konstantinos Karetsasın zədələnməsi Dortmund klubunun işini çətinləşdirib.

Kovaç yunanıstanlı futbolçunu Fabio Silva və Karni Çukvuemekanın əvəzləyə biləcəyini bildirib: “Fabio Silva “Union”la oyunda çox yaxşı təsir bağışladı və komandaya yeni nəfəs gətirdi. Çukvuemeka isə Karetsasa bənzər oyunçudur və hücumlarımıza yaradıcılıq qata bilər”.

Lars Rikken: “Bakıdan Qələbə ilə qayıtmalıyıq”

“Borussiya”nın idman məsələləri üzrə icraçı direktoru Lars Rikken də Bakı səfəri öncəsi komandanın vəziyyətini dəyərləndirib.

“Hazırda çətin dövrdən keçdiyimizi görürük. Ardıcıl 3 oyunda qələbə qazana bilməmək Dortmund “Borussiya”sı üçün normal deyil. Amma mövsümün əvvəlində bütün turnirlərdə özümüzə çox yaxşı başlanğıc mövqeyi yaratdığımızı da unutmamalıyıq. Hücumda daha çox təşəbbüs göstərmək və aqressiv oynamaq istəyirik. Oyunlarda qalib gəlmək üçün əvvəlki istəyi yenidən hiss etməliyik. Meydana həvəslə və nikbinliklə çıxmalıyıq. Məqsədimiz Bakıdan qələbə ilə qayıtmaq olmalıdır. Əlbəttə, müəyyən təzyiq var. Amma bunu əlavə motivasiya və üstünlük kimi qəbul etməliyik. Çünki bu təzyiq klubumuzun qarşısına qoyduğu yüksək tələblərdən irəli gəlir”, – deyə Rikken bildirib.

“Sabah” və “Borussiya” eyni xala sahibdir

WDR qeyd edir ki, Çempionlar Liqasında debüt edən “Sabah” görüşün aşkar autsayderi hesab olunsa da, komandalar turnir cədvəlində eyni xala malikdirlər – hərəyə 3 xal. Buna baxmayaraq, Dortmund təmsilçisi qarşılaşmanın favoriti sayılır. Almaniya nəşrinin fikrincə, “Borussiya” Bakıda da qalib gələ bilməsə, Kovaçın komandada böhran olmadığı barədə mövqeyini müdafiə etməsi daha da çətinləşəcək.

Qeyd edək ki, “Sabah” – “Borussiya” matçı oktyabrın 20-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti