Naxçıvan şəhər stadionundan yaxşı xəbər var.
Aldığımız məlumata görə, artıq bu məkanla bağlı əsas məsələyə aydınlıq gəlib.
Belə ki, layihələndirmə prosesi arxada qalıb. Arenanın yenidən qurulması istiqamətində işlərə 2027-ci ildə başlanacaq.
Dörd layihə yerli Nazirlər Kabinetinə təqdim olunub. Yaxındarda onlardan biri seçiləcək və onun əsasında kompleks tədbirlərin icrasına start veriləcək.
Əsaslı şəkildə aparılacaq təmir-tikintinin bir neçə ay ərzində tamamlanması nəzərdə tutulub.
Böyük ehtimalla, layihənin icrası Türkiyə şirkətlərindən birinə həvalə ediləcək. Planlar dəyişməsə, stadion gələn ilin yayında hazır vəziyyətə gətiriləcək.
Bu da o deməkdir ki, «Araz-Naxçıvan» 4 illik aranın ardından doğma yurda dönə biləcək.
«Ağ-qırmızılar» son olaraq burada 2024-cü ilin mayında çıxış edib və I Liqanı çempion bitirib.
Premyer Liqaya vəsiqə qazanandan bəri isə klub Bakıya köçüb. Ötən iki mövsümdə rəqiblərini Mərdəkanda qəbul edən region təmsilçisi indi Şamaxıya sığınıb.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyindən Sportinfo.az-a bu barədə açıqlama verilib:
“Naxçıvan Muxtar Respublika Stadionunun əsaslı təmiri və yenidən qurulması istiqamətində işlər davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən layihənin həyata keçirilməsi üçün zəruri texniki araşdırmalar və müvafiq hüquqi prosedurlar yerinə yetirilib. Hazırda stadionun yenidən qurulması üzrə layihələndirmə işləri aparılır.
Mövcud müqaviləyə uyğun olaraq, layihələndirmə mərhələsinin cari ilin sonunadək başa çatdırılması planlaşdırılır.
Layihə təsdiq edildikdən sonra tikinti işlərinin satınalınması həyata keçiriləcək, qalib şirkətlə müqavilə bağlanılaraq əsaslı təmir və yenidənqurma işlərinə start veriləcək.
Görülən işlərin məqsədi stadionun texniki imkanlarını müasir tələblərə uyğunlaşdırmaq, onun təhlükəsiz və funksional idman iarenası kimi fəaliyyətini təmin etmək, eləcə də peşəkar futbol yarışlarının və digər idman tədbirlərinin keçirilməsi üçün əlverişli şərait yaratmaqdır.
“Araz-Naxçıvan” üzərindən dəyərləndirmə aparsaq, deyə bilərik ki, mərkəzi stadionla bağlı mövcud yanaşma və planlama Naxçıvan təmsilçisinin yaxın gələcəkdə Premyer Liqadakı ev oyunları burada keçirməsinə əsaslı zəmin yaradır.
Görüləcək əsas işlər başlıca olaraq stadionun ölkə standartlarına və müasir tələblərə uyğunlaşdırılmasına hesablanıb“.
