Premyer Liqa klubu yola saldığı baş məşqçiyə qara qəpik də verməyəcək

10:40 Problem 190
Premyer Liqa klubu yola saldığı baş məşqçiyə qara qəpik də verməyəcək

Xəbər verdiyimiz kimi, Misli Premyer Liqasının 2026/27 mövsümündə daha bir baş məşqçi vəzifəsindən azad olunub.

Bu dəfə "İmişli" əməkdaşlığa erkən son qoyub.

Rəsmi açıqlamada qeyd edilib ki, Fərid Namazov ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

"İmişli" yeni mövsümə məhz Fərid Namazovun rəhbərliyi altında başlamışdı. O, bu vəzifədə portuqaliyalı Jorj Kaşkilyanı əvəzləmişdi.

Redaksiyamıza daxil olan məlumata görə, region təmsilçisi gənc çalışdırıcıya təzminat ödəməyəcək. Çünki işbirliyini dayandırmaq təşəbbüsü onun özündən gəlib.

Namazov bəzi funksionerlərin işinə müdaxilə hallarından yorulduğunu, öz səlahiyyətləri daxilində çalışmasının artıq mümkün olmadığını deyib.

Mövcud şərtlər daxilində yüksək yerlər uğrunda mübarizə aparmağın çətinliyini dərk edən baş məşqçi getməyi üstün tutub.

Aran klubu 7 turdan sonra cəmi 4 xal toplayıb və turnir cədvəlində 9-cu yeri tutur.

Bunadək cari mövsümdə iki baş məşqçi istefaya göndərilmidi. Uğursuz nəticələrdən sonra "Qəbələ" Kaxaber Sxadadze, "Araz Naxçıvan" isə Cavid Hüseynov ilə yolları ayırmışdı.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 17:20 Bizdə “Barselona” var?
13 Oktyabr 16:30 Çək və bizə göndər!