“Neftçi”ni sosial şəbəkələrdə sevənlər, haradasız?

19:00 Neftçi 96
“Neftçi”ni sosial şəbəkələrdə sevənlər, haradasız?

Son illər “Neftçi”nin gözləntiləri doğrultmaması fonunda azarkeşlərin klubu, rəhbərliyi və futbolçuları sərt tənqid etdiyini görən adamda belə təəssürat yaranırdı ki, bu ölkədə, bu şəhərdə “Neftçi”ni sevməyən yoxdur.

Hətta bəzən düşünmək olardı ki, komanda əvvəlki əzəmətini qaytarıb çempionluq mübarizəsinə qoşulsa, stadion dolub-daşacaq, tribunada boş yer tapmaq mümkün olmayacaq.

“Neftçi” qayıdıb. Daha doğrusu, qayıtmaq üzrədir. Çempionatın startından bəri “ağ-qaralar” turnir cədvəlinə liderlik edir. Komandanın oyunu əvvəlki illərlə müqayisədə daha çox ümid verir. Nəticələr də kifayət qədər qənaətbəxşdir.

Üstəlik, bu kollektiv əsas rəqiblərindən heç birinə uduzmayıb. Hətta “Sabah” və “Qarabağ”la qarşılaşmalarda qələbə qazanmaq üçün kifayət qədər real imkanları olub.

Amma nə olsun?

“Neftçi” – “Kəpəz” qarşılaşmasında tribunaları nəzərdən keçirəndə, sözün əsl mənasında, bu kluba ürəyim ağrıdı. İllərdir tənqid hədəfində olan, barəsində saysız-hesabsız narazılıqlar səsləndirilən komanda nəhayət ki, nəticələri yaxşılaşdırmağa başlayıb.

Ancaq yanında azarkeş görmək müşkülə çevrilib. Stadionda əsasən “Forza Neftçi”nin üzvləri və təxminən 500 nəfərlik sıravi azarkeş qrupu vardı. Uzağı 1000-1500 “Neftçi”sevər. Bu qədər!

Müqayisə üçün “Kəpəz”ə baxaq. Gəncə təmsilçisi də illərdir ciddi hədəflərdən uzaq düşüb. Nə çempionluq sevinci yaşayır, nə kubok qazanır. Hətta son illərdə ilk “6-lığ”a düşmək belə onun üçün əlçatmaz hədəfə çevrilib.

Amma doğma meydanına qayıdandan, yenilənmiş stadionda oynamağa başlayandan sonra mənzərə tamamilə dəyişib. Gəncədə demək olar ki, hər oyunda tribunalar dolur, azarkeşlər komandaya böyük dəstək verir. Bütün Azərbaycan Gəncədəki atmosferdən danışır.

Futbolçular da bu ab-havadan ilhamlanır, nəticələrini gündən-günə yaxşılaşdırırlar. Hətta hazırkı gedişlə “Kəpəz”in avrokuboklara vəsiqə uğrunda mübarizəyə qoşulması da real görünür.

Gəncədə gördüyümüz mənzərə “Neftçi” azarkeşləri üçün ciddi örnək olmalıdır. Hətta müəyyən mənada gözdağı da.

Elə həmin gəncəlilər “Neftçi” ilə son qarşılaşmada qonaq komanda üçün ayrılmış sektorda da özlərinə uyğun ab-hava yaratmış, sevimli kollektivlərini sona qədər dəstəkləmişdilər. Halbuki “ağ-qaralar” səfərə, xüsusən də bölgələrə yollananda onların arxasınca bu sayda azarkeş getmir.

Görünən odur ki, “Neftçi”ni sevənlərin xeyli hissəsi sosial şəbəkə qəhrəmanlarıdır. Tənqid etməyə, tələb irəli sürməyə, futbolçuları və rəhbərliyi qınamağa, “istefa” qışqırmağa gələndə hamı stadiondadır.

Amma tribunada komandanın yanında olmağa gələndə həmin izdihamdan, birlikdən əsər-əlamət qalmır. Sevimli klubu dəstəkləmək üçün bir neçə saat vaxt ayırmaq, stadion yolunu tutmaq müşkülə çevrilir.

Ölkənin ən köklü klubu belə münasibətə layiq deyil. Komandanı tənqid etmək hər kəsin haqqıdır. Amma onu sevdiyini iddia edirsənsə, yalnız uğursuz günlərində yox, yaxşı nəticələr qazandığı vaxtlarda da yanında olmalısan. Çünki azarkeşlik təkcə tələb etmək deyil, həm də dəstək verməkdir.

Bilməyənlər üçün yazının altında “Kəpəz”in “Şamaxı” ilə oyunundan çəkilmiş fotonu da yerləşdirirəm ki, Gəncə şəhər stadionunun hazırkı durumundan xəbəriniz olsun.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti