Azərbaycanda daha bir futbolçu bu dildə danışmaqdan imtina etdi

20:00 Kəpəz 51
Azərbaycanda daha bir futbolçu bu dildə danışmaqdan imtina etdi

Rusiya ilə Ukrayna arasında illərdir davam edən müharibə təkcə tərəflər üçün deyil, vaxtilə MDB məkanına daxil olmuş digər ölkələrin vətəndaşları üçün də müəyyən narahatlıq doğurub.

Təbii ki, bu münaqişədə təcavüzkar tərəf kimi Rusiyanın məsuliyyəti bəllidir.

Son illər Azərbaycanda çıxış edən əcnəbi futbolçuların rus dilində müsahibə verməkdən imtina etməsi hallarına dəfələrlə şahid olmuşuq.

Bu mənada xüsusilə gürcü futbolçular diqqət çəkir. Ukraynalı futbolçuların isə rus dilində danışmaqdan imtina edərək sualların ingilis dilində ünvanlanmasını istəməsi artıq adi hala çevrilib.

Görünür, bu siyahıya moldovalı futbolçular da qoşulur.

“Neftçi” – “Kəpəz” qarşılaşmasından sonra bunun əyani şahidi oldum.

Müsahibə almaq üçün yaxınlaşdığım Gəncə təmsilçisinin vingeri Viktor Stina suallarımı cavablandırmaqdan imtina etmədi.

Sadəcə, dialoqumuzun rus dilində deyil, başqa dildə baş tutmasını xahiş etdi. Mən də ona sualları ingilis dilində ünvanladım. Futbolçu isə böyük məmnuniyyətlə müsahibə verdi.

Göründüyü kimi, Ukraynanın yaşadığı faciə və Rusiyanın hərbi təcavüzü təkcə ukraynalıların deyil, başqa xalqların nümayəndələrinin də rus dilinə münasibətinə təsirsiz ötüşmür.

Bir vaxtlar postsovet məkanında ünsiyyətin əsas vasitələrindən sayılan rus dili bu gün həmin coğrafiyanın bəzi nümayəndələri üçün artıq arzuolunan ünsiyyət vasitəsi deyil.

Müharibənin yaratdığı siyasi və mənəvi sərhədlər dilə münasibətdə də özünü göstərir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti