“Neftçi” daha uzağa getdi - Premyer Liqa üçün ekzotika

19 May 2020 00:42 Premyerliqa 1 172
“Neftçi” daha uzağa getdi - Premyer Liqa üçün ekzotika

Azərbaycan çempionatları tarixinin coğrafiyasına səyahət edən “apasport” Asiya gəzintisini başa vurur.

Haqqında daha öncə bəhs etdiyimiz 15 türkmənistanlı və 8 iranlıdan başqa, daha 10 asiyalı Premyer Liqa həyəcanı yaşayıb.

Sportinfo.az xəbər verir ki, söhbət Asiya Futbol Konfederasiyasına (AFK) üzv olan ölkələrdən gedir.

Özü dünyanın “o başında” olan Avstraliya bu zonada çıxış edirsə, Qazaxıstan və İsrail kimi ölkələr Avropaya üz tutub. AFK-ya üzv olan 7 ölkə Azərbaycan çempionatında təmsil olunub ki, onlardan beşindən bəhs edəcəyik.

Azərbaycan üçün ekzotika
2003/04 mövsümündə hələ birinci dəstədə oynayan “Gənclərbirliyi” heyətinə iki cənubi koreyalı qatdı. Lakin onlardan yalnız biri – Yun Sanq Min növbəti ilə yüksək liqa həyəcanı yaşadı. 2008-ci ildə “Neftçi” daha uzağa getdi. Avstraliyadan gələn Con Tamburas da koreyalı kimi Premyer Liqa ilə ayaqlaşa bilməyib geri göndərildi. Çempionatımız üçün ekzotika sayılan daha bir ölkə isə Honkonqdur. AZAL-ın dörd il əvvəl gətirdiyi Brayn Fok bu ölkəni təmsil edib. Düzdür, Azərbaycandan getdikdən sonra Filippin yığmasında oynayan Alvaro Silva nümunəsi də var. Lakin o, ölkəmizdə İspaniyanı təmsil edib.

Tovuzdan başlayan macəra
Azərbaycandakı təmsilçisi sayına görə Türkmənistan və İrandan sonra 3-cü olan Asiya ölkəsi Özbəkistandır. Qitəsində aparıcı rollarda olan bu ölkənin 4 nümayəndəsi Premyer Liqa həyəcanı yaşayıb. İlk belə oyunçu 2004/05 mövsümündə “Turan”da peyda olub. Asiyalı qapıçı Oleq Belyakov Tovuz təmsilçisində bir mövsüm əsas heyət üzvü olsa da, sonradan vətəninə qayıdıb. 2010-cu ildə “Neftçi”yə gələn Bahodir Nasimov ölkəsinin Azərbaycanda ikinci və ən uğurlu təmsilçisi kimi tarixə düşüb. Sonradan Alibobo Raxmatullayev “Rəvan”da, Şohrux Qadoyev “Keşlə”yə keçib. Sonuncu cari mövsüm paytaxt klubuna gəlibsə, digərinin karyerası uğurlu alınmayıb.

Bombardir
Azərbaycana gəlib-getmiş ən uğurlu asiyalının Bahodir Nasimov olduğunu əminliklə söyləmək olar. Düzdür, “Neftçi”də özündən söz etdirən hücumçu oyun və mövsüm sayında türkmənistanlı Nazar Bayramovdan geri qalır. Lakin Bahodirin qolları və titullarına istənilən asiyalı həsəd apara bilər. “Ağ-qaralar”la ardıcıl 3 çempionluq və 2 kubok qazanan forvard 2011/12 mövsümündə Premyer Liqanın bombardiri adını da qazanıb. Bunun üçün ona 16 qol kifayət edib. Lakin sonradan “Keşlə”yə qayıdan Nasimov əvvəlki imicini kölgə altında qoyub.

Təsadüfi taciklər
Azərbaycan Premyer Liqasında üç tacikistanlı futbolçu da forma geyinib. Lakin futbol ölkəsi kimi tanınmayan bu Asiya təmsilçisinin nümayəndələrinin transferi uğurlu alınmayıb. Düzdür, Davronjon Erqaşev 2013/14 mövsümündə “Qəbələ”də bürünc medala yiyələnib və kubokun finalında meydana çıxıb. Lakin o, AZAL-dakı Axtam Hamrakulov və “Rəvan”dakı Sohib Savankulov qədər uzun müddət qalmayıb.

futbolçu

oyun

qol

Bahodir Nasimov

93

38

Oleq Belyakov

30

-17

Davronjon Erqaşev

9

0

Axtam Hamrakulov

7

0

Sohib Savankulov

7

1

Alibobo Raxmatullayev

4

0

Brayn Fok

3

0

Yun Sanq Min

12

0

Con Tamburas

3

0

Şohrux Qadoyev

6

2

Xəbər Lenti