Qurban Qurbanov üçün qisas anı - Bu dəfə bəhanəyə yer yoxdur!

16:05 Premyerliqa 96
Qurban Qurbanov üçün qisas anı - Bu dəfə bəhanəyə yer yoxdur!

Premyer Liqanın 9-cu turunun mərkəzi qarşılaşmasında "Sabah"la "Qarabağ" üzə-üzə gələcək.

Son illər bu iki klub arasında ciddi rəqabət yaranıb.

Əbəs deyil ki, “Qarabağ”ın “Sabah” üzərində son qələbəsindən 756 gün ötür. 2024-cü il sentyabrın 29-da Krunoslav Renduliçin rəhbərliyi altında Ağdam təmsilçisi rəqibini 3:2 hesabı ilə məğlub edib. Həmin vaxtdan bəri isə “Sabah” “Qarabağ”ın qarşısında keçilməz səddə çevrilib.

Bu müddətdə Ağdam klubu Masazır təmsilçisinə 3 titul təhvil verməli olub.

İki ölkə kuboku, bir Azərbaycan çempionluğu.

Vasili Berezutskinin rəhbərliyi altında keçirilən 4 görüşün hamısı heç-heçə ilə başa çatıb. Yalnız ölkə kubokunun finalında əlavə vaxtda rusiyalı mütəxəssis həmkarına qalib gəlməyi bacarıb.

Valdas Dambrauskasın gəlişindən sonra isə “Qarabağ”ın vəziyyəti daha da çətinləşib. Litvalı mütəxəssis Qurban Qurbanovla duellərin 3-də qalib gəlib, daha 2 qarşılaşmada heç-heçə qeydə alınıb.

Əvvəlki uğursuzluqları təsadüflə əlaqələndirmək mümkün idi. Ötən mövsüm isə “Qarabağ”ın iki cəbhədə mübarizə aparması, xüsusilə Çempionlar Liqasında böyük güc sərf etməsi əsas amillərdən sayılırdı.

İndi isə vəziyyət fərqlidir. Bu dəfə ağır qrafiklə üzləşən tərəf “Sabah”dır. Masazır klubu Çempionlar Liqasında bir-birindən çətin oyunlar keçirir. Komanda cəmi 4 gün əvvəl “Borussiya” ilə görüşdə 90 dəqiqə ərzində böyük enerji sərf edib.

“Qarabağ” isə “Neftçi” ilə matçdan sonra 8 gün istirahət etmək və qarşılaşmaya daha rahat hazırlaşmaq imkanı qazanıb. Buna baxmayaraq, Premyer Liqada 2 xal fərqlə lider olan “Sabah”dır.

Son çempion cari mövsümdə olduqca inamlı təsir bağışlayır. “Neftçi” ilə qolsuz heç-heçə istisna olmaqla, digər oyunlarda rəqiblərini üstələməyi bacarıb. Bunu bəzi qarşılaşmalarda optimal heyətlə meydana çıxmadığı halda da edib.

Rəqəmlər də Masazır təmsilçisinin üstünlüyünü təsdiqləyir. “Sabah”ın hücum xətti 18 qol vuraraq “Neftçi”dən sonra çempionatın ən məhsuldar ikinci komandasıdır. Müdafiə xətti isə cəmi 1 qol buraxıb və bu göstərici ilə liqanın ən etibarlısıdır.

“Qarabağ”ın top fərqi müsbət 7 olduğu halda, “Sabah”da bu rəqəm 17-yə bərabərdir. Yəni Masazır təmsilçisinin göstəricisi rəqibininkindən təxminən 2,5 dəfə yüksəkdir.

Komandaların indiyədək keçirdikləri oyunların nəticələri də maraqlı müqayisə üçün əsas verir. “Qarabağ”ın 1:1 hesabı ilə heç-heçə etdiyi “Zirə”ni “Sabah” 5:0 hesabı ilə darmadağın edib. Ağdam klubu “Neftçi” ilə görüşdə son 5 dəqiqədə vurduğu 2 qolla məğlubiyyətdən xilas olaraq 3:3 hesablı heç-heçəyə nail gəlibsə, “Sabah”ın yeganə xal itkisi məhz “ağ-qaralar”la qolsuz bərabərlik olub.

Hər iki komandanın ehtiyatda bir oyunu var.

Bütün bu məqamları nəzərə alsaq, hazırkı şərtlərdə heç-heçə də “Sabah” üçün qənaətbəxş nəticə sayıla bilər. “Qarabağ” üçün isə vəziyyət fərqlidir. Rəqibin sıx oyun qrafiki, istirahət müddətindəki fərq və iki illik uğursuz seriyaya son qoymaq imkanı Ağdam təmsilçisinin qələbəsini daha da vacib edir.

Bəs bu dəfə “Qarabağ” “Sabah” səddini aşa biləcəkmi? Yoxsa Dambrauskas Qurban Qurbanova qarşı uğurlu seriyasını davam etdirəcək?

Bu suallara 25 oktyabr, 18:00-da startı veriləcək matçın final fitindən sonra aydınlıq gələcək.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!