Yayda Azərbaycan Premyer Liqasından Avropa və Asiya ölkələrinə futbolçu axını yaşandı.
Əsasən ölkəmizdə çıxışı ilə diqqət çəkən, özünü yaxşı tərəfdən göstərən bir sıra legionerlər karyeralarını başqa çempionatlarda davam etdirmək qərarına gəldilər.
Bu siyahının önündə “Seltik”lə anlaşan “Qarabağ”ın hücumçusu Kamilo Duran dayanırdı. Aaron Maludanın “Bazel”ə keçidi də böyük maraq doğurdu.
Leandro Andradenin Ukrayna klubu “Polissye”yə transferini, Toral Bayramovun “Bursaspor”a, Kevin Medinanın isə “Jahor”a gedişini də qeyd etmək lazımdır.
Diqqətləri çəkən keçidlərdən biri də “Zirə”nin yarımmüdafiəçisi Ayron Qomisin Fransaya qayıtması oldu. Təbii ki, onun komandadan ayrılması baş məşqçi Rəşad Sadıqov üçün ciddi itkydi. Ancaq 27 yaşlı futbolçu Azərbaycan çempionatını sıradan çempionata yox, Fransanın Liqa-1inə dəyişməklə yadda qaldı.
Kamilo Duranın Şotlandiyadakı çıxışı zaman-zaman mətbuatın diqqət mərkəzinə düşsə də, Qomisin yeni komandasında göstərdiyi performans Azərbaycanda işıqlandırılmır. Elə bu səbəbdən onun “Trua”dakı statistikasına nəzər salmaq istədik.
Məlum oldu ki, Ayron cari mövsümdə komandasının keçirdiyi 7 oyunun hamısında meydana çıxıb və ümumilikdə 344 dəqiqə mübarizə aparıb. Bu görüşlərin 4-ündə start heyətində yer alan yarımmüdafiəçi 3 dəfə oyuna sonradan qoşulub. Passisinə bir “sarı” yazdırıb.
Rəqəmlər göstərir ki, Azərbaycan Premyer Liqasında “Zirə”nin formasını geyinmiş futbolçu Fransanın yüksək dəstəsində qazanır və ona bəslənən ümidləri doğrultmağa çalışır.
Qomisin timsalında Azərbaycan çempionatına gələn legionerlərin böyük əksəriyyətinin sıradan futbolçular olmadığını görürük. Onların bir qisminin Avropa klublarının diqqətini cəlb etməsi Premyer Liqamızın futbolçular üçün özünü göstərmək və karyeralarında növbəti addımı atmaq baxımından əhəmiyyətini ortaya qoyur.
Maraq üçün bildirək ki, “Trua” 7 turdan sonra 1 qələbə və 1 heç-heçə sayəsində topladığı 4 xalla 18 komandanın mübarizə apardığı turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.
HƏBİB / SPORTİNFO.AZ
