Baş məşqçi getdi, izi qaldı - Perkons, tələsmə!

20:40 Premyerliqa 91
Baş məşqçi getdi, izi qaldı - Perkons, tələsmə!

Fərid Namazovla yollarını ayıran “İmişli” onsuz meydana çıxdığı ilk oyunda "Turan Tovuz"u 1:0 hesabı ilə məğlub etdi.

Qarşılaşmadan sonra komandanın yeni məşqçisi Ervins Perkons jurnalistlərin “Nəyi dəyişdiniz?” sualına belə cavab verdi:

"Enerjini artırdıq. Rəqibə təzyiq göstərmək məsələsini də dəyişdik. Oyunçulardan bəlkə də çox şey tələb etmişdik. Amma onlar bunu çox yaxşı yerinə yetirdilər. Komandanın meydançadakı düzülüşünü də dəyişmişdik. Bunlar daha çox ön plana çıxdı".

Oyuna baxmayan latviyalı mütəxəssisin dediklərinə əsasən düşünər ki, ciddi nəsə dəyişib.

Amma 90 dəqiqəlik qarşılaşmanı izləyən biri kimi deyə bilərəm ki, bu qələbə elə bir həftə əvvəl postundan ayrılan Fərid Namazovun adına yazılmalıdır.

Ötən oyunla müqayisədə start heyətində cəmi 1 dəyişiklik var idi. Dioqo Almeydanı Seyxan Fərəcov əvəzləmişdi.

Ən əsası vurulan qol çox şeydən xəbər verir.

Standart vəziyyətdən sonra Bəxtiyar Həsənzadənin məhsuldar ötürməsini Rollo qolla tamamladı.

Mənə çox tanış mənzərədir.

Çünki Fərid Namazovun dönəmində üzərində işlənmiş standart vəziyyətlərdən biridir.

Əminəm ki, gənc mütəxəssis məşqlərdə bu kombinasiyanı futbolçularına dəfələrlə təkrarladıb.

Əvvəlki oyunlarda da buna bənzər epizodlara dəfələrlə şahidlik etmişik.

Standart vəziyyətdən ötürülən topa Bəxtiyar Həsənzadə yaxın küncdə toxunur, onu uzaq küncə istiqamətləndirərək oradan gələn komanda yoldaşına qol fürsəti yaradır.

Təkcə birinci tur "Araz-Naxçıvan"la görüşdə 2-3 buna bənzər gedişatı izləmişdik.

Əvvəlki oyunlarda sadəcə son nöqtəni qoymaq mümkün olmurdu.

Kombinasiya demək olar ki, ideal icra edilsə də, hücumlar qolla nəticələnmirdi.

Bəzən Bəxtiyar bir oyunda iki-üç dəfə belə ötürmələrlə komanda yoldaşlarını əlverişli vəziyyətə çıxarırdı, amma onlar fürsətlərdən yararlana bilmirdilər. Bu dəfə isə sonluğu gətirmək mümkün oldu.

Oyunun gedişində də komanda bizə tanış olan futbolunu nümayiş etdirdi. Lazım gələndə müdafiədə etibarlı oynadı, fürsət düşəndə isə təhlükəli hücumlar qurdu.

Məncə, Ervins Perkons hələ özünü tərifləməyə, nələrisə dəyişdiyini iddia etməyə tələsməsin.

Bu qələbəni Fərid Namazovun adına yazmaq daha ədalətli olar. Özü meydanda olmasa da, izi bu matçda açıq-aydın görünürdü.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti