Misli Premyer Liqasında tamaşaçı rekordu qeydə alınıb.
VIII turun oyunlarını ümumilikdə 30 800 azarkeş stadionlardan izləyib.
Beləliklə, cari mövsümdə azarkeş sayı baxımından ən çox diqqət çəkən tur hələlik VIII turdur. Bunun əsas səbəbi oyunların əksəriyyətinin regionlarda keçirilməsi və komandaların öz şəhər və rayonlarında azarkeşləri qarşısına çıxmasıdır.
Bu da bir daha göstərir ki, futbolun bölgələrdə yaşaması, komandaların doğma meydanda oynaması və azarkeşlərlə sıx təmasda olması çempionatımıza marağı artıran əsas amillərdəndir.
Lakin turun bir “gözmuncuğu”su var: “İmişli”.
Məlum və naməlum səbəblərdən “İmişli” rəqiblərini İmişlidə deyil, Yevlaxda qəbul edir. Nəticə də göz qabağındadır: komandanın “Turan Tovuz”la oyununu cəmi 350 tamaşaçı izləyib.
Onların da təxminən 300-ü Tovuz klubunun azarkeşləri olub. Bəs bu vəziyyət nə vaxta qədər davam edəcək? Premyer Liqada çıxış edən komanda niyə öz bölgəsində, öz azarkeşlərinin qarşısında oynamamalıdır?
Əgər klubun əsas məqsədlərindən biri təmsil etdiyi bölgədə futbol mədəniyyətini inkişaf etdirməkdirsə, onda bu məqsədə çatmaq üçün hansı addımlar atılır?
Əslində, söhbət təkcə “İmişli”dən getmir. Stadion və infrastruktur məsələsinə gəldikdə, “Araz-Naxçıvan” da uzun müddətdir suallar doğuran klublardan biridir.
Açığı, bu komandanın mövcudluğu, hədəfləri və gələcək inkişaf strategiyası ilə bağlı bəzi məqamlar mənim üçün də aydın deyil.
Söhbət klubun çempionatda iştirakından yox, onun Premyer Liqa səviyyəsinə uyğun infrastruktur qurmaq və dayanıqlı inkişaf modelinə sahib olmaq istiqamətində nə dərəcədə irəliləməsindən gedir.
Həm AFFA, həm də Peşəkar Futbol Liqası bu iki kluba münasibətdə daha prinsipial mövqe ortaya qoymalıdır. Premyer Liqada iştirak etmək yalnız oyunlara çıxmaq və turnir cədvəlində yer almaq demək deyil.
Bu, eyni zamanda, müəyyən infrastruktur tələblərinə cavab vermək, azarkeşlər qarşısında məsuliyyət daşımaq və təmsil etdiyin bölgənin futboluna töhfə vermək deməkdir.
Təəssüf ki, bu klublarla bağlı infrastruktur məsələləri ətrafında yaranan suallar və müzakirələr Azərbaycan futbolunun nüfuzuna da mənfi təsir göstərir.
Stadionların tikintisi, məşq meydançalarının yaradılması və verilən vədlərin yerinə yetirilməsi ilə bağlı konkret nəticələr görmək istəyirik.
Azarkeşlərə və futbol ictimaiyyətinə verilən vədlər əməli işlə təsdiqlənməlidir. Əks halda, bu vədlərə inam getdikcə azalacaq.
Burada əsas məsuliyyət, təbii ki, klub rəhbərliklərinin üzərinə düşür. Əgər rəhbərliklər müəyyən öhdəliklər götürürlərsə, həmin öhdəlikləri yerinə yetirməlidirlər.
Bunu etmək mümkün deyilsə, onda vəziyyət açıq şəkildə izah olunmalı və real fəaliyyət planı ortaya qoyulmalıdır. Çünki qeyri-müəyyən vədlərlə vaxt uzatmaq nə klublara, nə azarkeşlərə, nə də Azərbaycan futboluna fayda verir.
Düşünürəm ki, AFFA və PFL bu məsələdə güzəştə getmək əvəzinə, mövcud qaydaların bütün klublara eyni şəkildə tətbiqini təmin etməlidir.
Əgər klublar lisenziyalaşdırma tələblərinə cavab vermirlərsə, onlara münasibətdə müvafiq prosedurlar işə salınmalı, müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması üçün konkret müddətlər və tələblər müəyyənləşdirilməlidir.
Öhdəliklər yerinə yetirilmədiyi təqdirdə isə qaydalarda nəzərdə tutulan sanksiyalar tətbiq olunmalıdır. Bu klubların rəhbərlikləri Premyer Liqanın tələblərinə uyğun fəaliyyət göstərmək iqtidarında deyillərsə, bəlkə də özləri üçün başqa yol seçməyin vaxtıdır.
Çünki Premyer Liqada iştirak etmək hüququ təkcə qazanılmır, həm də məsuliyyət tələb edir. Azərbaycan futbolunun inkişafı üçün əsas şərt klubların sayını artırmaq deyil, onların keyfiyyətini yüksəltməkdir.
Premyer Liqada iştirak edən hər bir klub təmsil etdiyi bölgəyə, azarkeşlərə və bütövlükdə futbolumuza dəyər qatmalıdır. Əks halda, belə klubların liqada iştirakı inkişafdan daha çox sual doğuracaq.
VIII turun 30 800 tamaşaçı toplaması sevindirici haldır.
Ancaq bu rəqəmi davamlı tendensiyaya çevirmək istəyiriksə, azarkeşlərin stadiona gəlməsi üçün şərait yaratmalı, klubları doğma meydanlarına qaytarmalı və infrastruktur məsələlərinə daha ciddi yanaşmalıyıq.
Çempionatın səviyyəsi təkcə meydandakı oyunla deyil, meydandan kənarda görülən işlərlə də ölçülür.
SPORTİNFO.AZ
