Premyer Liqanın 8 turundan sonra turnir cədvəlindəki vəziyyətə baxanda iki klubun adı xüsusi diqqət çəkir. Bunlar “Şamaxı” və “Kəpəz”dir.
Hər iki klub hazırda liqanın ən aşağı maaş büdcəsinə malik komandalarıdır. Buna baxmayaraq, performansları göz oxşayır.
Xüsusilə legioner limitinin ləğvindən sonra ehtimal olunurdu ki, imkanlı klublarla kasıblar arasında ciddi uçurum yaranacaq.
Bəli, “Qarabağ”, “Neftçi” və “Sabah” bu uçurumu tədricən yaratmaqdadır.
Amma büdcəsi adıçəkilən klublardan bir qədər aşağı olan “Zirə” və “Turan Tovuz” karvandan geri qalır.
Hər iki klub büdcə baxımından bir çox rəqibini xeyli qabaqlasa da, nə meydandakı nəticələri, nə də nümayiş etdirdikləri oyun bunu təsdiqləyir.
Xüsusilə “Kəpəz” və “Şamaxı”nın bu klublarla rəqabətə qoşulması, 8 turdan sonra avrokuboklar zonasına düşməsi və ya həmin mövqelərə yaxın olması düşündürücüdür.
Bu mənzərə “Kəpəz” və “Şamaxı” adına sevindirici və təqdirəlayiqdirsə, “Zirə” və “Turan Tovuz” üçün heç də xoş görüntü deyil.
Heyətində bu qədər keyfiyyətli futbolçu olan, daha böyük büdcəyə sahib klubların vəziyyəti belə olmamalıdır.
Daha pisi odur ki, “Zirə” və “Turan Tovuz” adıçəkilən rəqiblərlə oyunlarda da xal itirib.
Yəni yaranmış vəziyyət təsadüfi deyil.
Deməli, futbolda təkcə büdcə və heyət keyfiyyəti ilə uğur qazanmaq mümkün deyil.
“Kəpəz” və “Şamaxı” bunu sübut edirsə, “Zirə” və “Turan Tovuz” üçün artıq həyəcan təbili çalınmalıdır.
XANOĞLAN/ SPORTİNFO.AZ
