Premyer Liqada 9-cu tur öncəsi komandaların düşərgəsində fərqli əhval-ruhiyyə hökm sürür.
Kimisi yüksəlişini davam etdirmək, kimisi uğursuz seriyaya son qoymaq, kimisi isə iddiasını sübut etmək istəyir.
Qarşıdakı turun oyunları bir sıra komandalar üçün adi üç xal mübarizəsindən daha böyük əhəmiyyət daşıyacaq.
İki bədbəxtin qarşılaşması: “Araz-Naxçıvan” – “Qəbələ”
Milli fasilədə baş məşqçi postuna gətirilən Yuri Maksimovla “Araz-Naxçıvan” arzuladığı nəticələri qazana bilmir. Jeton Bekirinin rəhbərlik etdiyi “Qəbələ” də son iki oyunda məğlubiyyətlə üzləşib. Beləliklə, uğursuz seriya yaşayan iki komanda bu dəfə üz-üzə gələcək.
Qarşılaşmanın sonunda ya hər iki tərəf 1 xal qazanacaq, ya da onlardan biri nəhayət, qələbə həsrətinə son qoyacaq. Hər halda, ən azı bir komanda xalsızlıq sindromundan qurtulacaq. Məğlub tərəfdə isə istefa məsələsinin gündəmə gəlməsi istisna deyil. Axı rəqiblər hər ötən tur bir az da uzaqlaşır, itirilən xalların əvəzini çıxmaq getdikcə çətinləşir.
Yüksəlişdə olan “Sumqayıt”, qələbənin qoxusunu unudan “Zirə”...
Ardıcıl iki turda qələbə qazanan “Sumqayıt”da əhval-ruhiyyə yüksəkdir. “Zirə”də isə vəziyyət tam fərqlidir. Rəşad Sadıqovun komandası artıq beş oyundur qələbəyə həsrətdir. Bu uğursuz seriya “qartallar”ın səbr kasasını doldurub.
“Şamaxı” və “Kəpəz”lə oyunlarda xal itirən “Zirə” “Sumqayıt”la qarşılaşmada da büdrəsə, yaranmış vəziyyətdən çıxmaq heç də asan olmayacaq. Buna görə də qarşılaşma Rəşad Sadıqovun komandası üçün dönüş nöqtəsi sayıla bilər. “Zirə” qələbəsiz seriyanı dayandırmaq, “Sumqayıt” isə yüksəlişini davam etdirmək niyyətindədir.
“Şəfa” şəfa axtarışında, “Kəpəz” maneəsi qarşısında
“Şəfa” altı oyunluq qələbə həsrətinə son qoymağa çalışacaq. Bakılıların şəfa tapması üçün meydanda münasib rəqib varmış kimi görünə bilər. Amma “Kəpəz”lə qarşılaşma heç də asan olmayacaq.
Gəncə təmsilçisinin əsas hədəfi elitada yerini qorumaq olsa da, komanda mövsümə yaxşı başlayıb. Səkkiz turdan sonra 11 xalla turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb.
Zaur Həşimovun komandası son oyunda yaxşı təsir bağışlasa da, “Şamaxı”dan ağır məğlubiyyət aldı. İndi əsas məsələ futbolçuları Şamaxıda baş verənlərin psixoloji təsirindən maksimum tez qurtarmaqdır. “Kəpəz”in qarşısında bu amil həlledici rol oynayacaq.
Atalar üçdən deyib və ya “Neftçi”nin son cəhdi ...
“Neftçi” iddialı rəqiblərdən “Sabah” və “Qarabağ”a qarşı yaxşı oyun sərgiləsə də, qələbə qazana bilmədi. İndi “ağ-qaralar”ın qarşısında üçüncü sınaq var. Rəqib bu dəfə “Turan Tovuz”dur.
Görəsən, “Neftçi” üçüncü cəhddə tilsimi qıra biləcək? Artıq yaxşı oyun göstərib heç-heçə ilə kifayətlənmək mərhələsi arxada qalmalıdır. Çempionluğa iddia edirsənsə, belə qarşılaşmalarda üç xal qazanmağı bacarmalısan.
“Turan Tovuz” üçün də bu görüşün əhəmiyyəti böyükdür. “İmişli”yə məğlubiyyətin yarası hələ sağalmayıb. Növbəti büdrəmə Kurban Berdıyevin mümkün ayrılığı ilə bağlı söhbətləri daha ciddi müstəviyə keçə bilər. Bu üzdən Tovuz təmsilçisinin də xal itirmək lüksü bitib.
“İmişli”nin son qələbəsi təsadüf idi, yoxsa yeni məşqçinin əl işi?
Bu sualın cavabını müəyyən qədər 9-cu turda öyrənəcəyik.
Azər Bağırovun komandası növbəti sınağında “Şamaxı” ilə qarşılaşacaq. Rəqib isə kifayət qədər çətin görünür. “Şamaxı” artıq yeddi oyundur məğlubiyyət üzü görmür. Belə rəqibə qarşı uğurlu nəticə əldə etmək “İmişli”nin əvvəlki qələbəsinin təsadüf olmadığını göstərmək baxımından da əhəmiyyətlidir.
Və təbii ki, turun şah oyunu: “Sabah” – “Qarabağ”
Turun mərkəzi qarşılaşmasında “Sabah”la “Qarabağ” üz-üzə gələcək. Diqqətlər isə iki baş məşqçinin – Valdas Dambrauskasla Qurban Qurbanovun mübarizəsinə yönələcək.
Ötən mövsüm “Qarabağ”ın yorulduğundan, əvvəlki gücünü itirdiyindən çox danışırdıq. İndi isə oxşar vəziyyətin “Sabah”da yaşandığını görürük. Sıx oyun qrafiki, ağır rəqiblər, uzaq səfərlər.
Bəs bu dəfə Qurban Qurbanov Valdas Dambrauskası üstələyə biləcəkmi? Yoxsa “Sabah” çətin dönəmdə də toparlanaraq iddiasını ortaya qoyacaq?
9-cu turun şah oyununda bu suallara cavab tapacağıq.
Qısası, meydan indi qızışır, qarşıdakı tur bizi bir-birindən maraqlı oyunlar gözləyir.
XANOĞLAN İMANOV/ SPORTİNFO.AZ
