Elnur Cəfərov Azərbaycan futbolunun vaxtilə böyük ümidlər bəslədiyi istedadlardan biri idi.
“Xəzər Lənkəran”ın yetirməsi olan futbolçu 18 yaşı tamam olmamış aşağı yaş qrupları üzrə bütün millilərimizdə çıxış etmiş, ölkənin bir nömrəli komandasında forma geyinmişdi.
Portuqaliya və Xorvatiyada legioner həyatı yaşamışdı.
Gələcəyi parlaq görünürdü. Ondan çox şey gözləyirdik.
Amma nə baş verdisə, bir anda hər şey dəyişdi.
Elnurun karyerası yüksəliş əvəzinə enişə doğru getdi.
Bir vaxtlar böyük gələcək vəd edən futbolçunu getdikcə aşağı liqalarda görməyə başladıq.
Ulduzu parlamasa da, istedadı imkan verdi ki, 29 yaşa qədər futbolda qalsın.
Nəticədə nə az, nə çox düz 11 ildən sonra Premyer Liqada yenidən fərqləndi. Həm də necə!
“Şəfa”nın heyətində “Şamaxı”ya qarşı keçirilən oyunda möhtəşəm qola imza atdı, komandasına penalti qazandırdı.
Bir sözlə, məğlubiyyətə rəğmən günün adamına çevrildi.
Sanki illər əvvəlki Elnurdan bir parça yenidən qarşımıza çıxdı.
O, təkcə qol vurmadı, həm də bir vaxtlar nə qədər istedadlı olduğunu, futbol ictimaiyyətinin ondan niyə bu qədər çox şey gözlədiyini xatırlatdı.
Oyunu izləyərkən yəqin ki, mənim kimi çoxlarının ağlından eyni fikirlər keçdi -
Çox heyf bu qədər istedadlı futbolçunun karyerası niyə belə alındı.
Çox heyf bir vaxtlar böyük ümidlər bəslədiyimiz, millilərin bütün yaş qruplarından keçmiş bir oyunçu potensialına uyğun karyera qura bilmədi.
İndi Elnurun 29 yaşı var. Artıq onu gələcəyin ulduzu kimi təqdim etmək mümkün deyil.
Ancaq bu, hər şeyin bitdiyi anlamına da gəlmir.
Bəlkə də heç vaxt vaxtilə xəyal etdiyimiz səviyyəyə yüksəlməyəcək, bəlkə də Azərbaycan futbolunun parlayan ulduzlarından birinə çevrilməyəcək.
Lakin hələ də özünü göstərmək, Premyer Liqada möhkəmlənmək və futbolsevərlərə nələrə qadir olduğunu nümayiş etdirmək şansı var.
Bunun üçün “Şamaxı” ilə oyundakı çıxışı sadəcə bir günlük parıltı olaraq qalmamalıdır.
Elnur bundan sonra da sabit oynasın, qol vursun, komandası üçün faydalı olsun və yenidən futbol gündəminə gəlsin.
XANOĞLAN/ SPORTİNFO.AZ
