Bölgə klubunun uğurlu çıxışında ÖNƏMLİ AMİL - "Neftçi" də buna həsəd aparır

29 Sentyabr 2022 22:20 Premyerliqa 1 180
Bölgə klubunun uğurlu çıxışında ÖNƏMLİ AMİL - "Neftçi" də buna həsəd aparır

Azərbaycan Premyer Liqasında artıq 7 tur arxada qalıb.

Bu turlara əsasən mövsümün surpriz komandası kimi “Turan Tovuz”u qeyd edə bilərik.

Qısa müddətdə heyətin yığılmasına, hər kəsə məlum olan çox saylı problemlərə rəğmən bölgə klubu bu gün hamını təəccübləndirməyi bacarır.

Ehtiyatdakı 1 oyuna rəğmən, Ayxan Abbasovun yetirmələri yığdığı 10 xalla ilk beşlikdə qərar tutub. İlk dördlükdən isə kollektivi cəmi 2 xal ayırır.

“Sumqayıt” və “Şamaxı”dan sonra ən pis hücum xəttinə sahib komandanın belə nəticəsinin sirri təbii ki, intizamlı müdafiə olunmasıdır.

Aktivindəki 3 qələbə və 2 bərabərliyi vurduğu 5 qolla qazanan Tovuz təmsilçisi, elə o sayda da qol buraxıb.

Həmin 5 qoldan ikisi isə onbirmetrlik cərimə zərbəsindən vurulub. Yalnız 3 halda rəqiblər oyun epizodundan komandanın torunu silkələyə bilib.

Təsəvvür edin ki, bu göstəricidə yalnız lider “Qarabağ” “Turan Tovuz”a uduzmur. “Ağdamlılar” da öz qapısından eyni sayda - 5 qol buraxıb.

Digər 8 klub isə bu baxımdan Ayxan Abbasovun yetirmələrinə həsəd aparırlar. Maraq üçün həmin klubların da statistikasın sizə təqdim edirik:

“Neftçi” – 6

“Sabah” – 7

“Qəbələ” – 7

“Zirə” – 15

“Səbail” – 10

“Kəpəz” – 18

“Sumqayıt” – 10

“Şamaxı” – 13.

Buradan bir daha o nəticəyə gəlmək olar ki, hər bir halda uğurun açarı böyük büdcədən, yaxşı heyətdən çox “dəmir intizam”dan asılıdır.

Hə, bugünkü kasad heyətlə “Turan Tovuz”un çox uzağa getməsi möcüzə olardı.

Amma unutmayaq ki, mövsümün əvvəlində də indiki çıxış möcüzə kimi qiymətləndirilirdi.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"