“Şəfa”nın yarımmüdafiəçisi Dilan Mertens Sportinfo.az-a müsahibə verib.
Niderlandlı legioner milli komandaların oyunları ilə əlaqədar yaranmış fasiləni dəyərləndirib, bu mövsüm komandasının çıxışına geniş toxunub və ardıcıl məğlubiyyətlərin səbəblərini açıqlayıb.
– “İmişli” ilə yoxlama görüşü necə keçdi?
– Məncə, ilk hissə bir qədər çətin keçdi. Məşqlərdə üzərində işlədiyimiz şeyləri tam olaraq oyuna gətirə bilmədik. Amma düşünürəm ki, ikinci hissədə daha yaxşı oynadıq və kifayət qədər yaxşı imkanlarımız oldu.
– Ümumiyyətlə, yaranmış fasilə sizin üçün nə dərəcədə faydalı oldu? Bu müddətdən necə yararlandınız?
– Məncə, fasilə bizim üçün oyunumuzu analiz etmək, nələri yaxşılaşdırmalı olduğumuzu və nələri dəyişməli olduğumuzu müzakirə etmək baxımından yaxşı fürsət oldu. Ümid edirəm ki, növbəti oyunlarımızda bunları göstərə biləcəyik.
– Azarkeşlər fasilədən sonra “Şəfa”nın oyununda hansı dəyişiklikləri görə bilərlər?
– Bəli, oyunumuzda nələri yaxşılaşdırmalı olduğumuzu bilirik. İndi isə bunları meydanda göstərmək bizim üzərimizə düşür. Ümid edirəm ki, yeni enerji və qazanmaq üçün əsl istək göstərə biləcəyik.
– Premyer Liqada artıq 4 turdur ardıcıl məğlub olursunuz. Fasilə zamanı bu nəticələri daha ətraflı təhlil etmək imkanınız oldu. Sizcə, komandanın müsbət nəticə qazanmasına nə mane olur?
– Bilirik ki, ilk 6 oyunda kifayət qədər xal toplaya bilməmişik. Eyni zamanda, ardıcıl olaraq çətin rəqiblərlə qarşılaşdığımızı da bilirik və bu, əlbəttə ki, bəhanə deyil. Amma belə komandalarla oyunlarda xal qazanmaq istəyirsinizsə, cəsarətli olmalı, qorxmamalı və qələbə üçün hər şeyi etmək istəməlisiniz.
XANOĞLAN İMANOV
