"Neftçi" illər sonra ümid verdi, "Qarabağ" isə hələ düşündürür

15 Oktyabr 23:40 Premyerliqa 111
"Neftçi" illər sonra ümid verdi, "Qarabağ" isə hələ düşündürür

Turun şah oyunu Palms Sports Arena-da keçirilən “Neftçi” – “Sabah” qarşılaşması idi. Həftənin ən çox gözlənilən matçı gözləntiləri doğrultdu.

Oyunda qol vurulmasa da, maraqlı futbol izlədik.

8 minə yaxın azarkeşin önündə keçirilən qarşılaşma dinamik, sürətli və açıq futbolla yadda qaldı.

Oyunun müəyyən hissələrində üstünlük “Sabah”ın, digər bölümlərində isə “Neftçi”nin tərəfində oldu.

Xüsusilə “Neftçi”nin oyun əzmi və meydanda bir nömrə olmaq istəyi diqqətdən yayınmadı.

Hazırda liqanın ən güclü komandası və son çempionu ilə qarşılaşmada bunu etmək heç də asan deyil. Amma “Neftçi” buna çalışdı, müəyyən məqamlarda isə istəyinə nail oldu.

Ədalətli nəticənin heç-heçə olduğunu demək olar.

Qarşılaşmanın ən yaxşıları isə, şübhəsiz, hər iki qapıçı idi. Stas Pokatilov və Emil Balayev inamlı oyunları, möhtəşəm seyvləri ilə diqqət çəkdilər. Qolsuz bərabərliyin əsas səbəblərindən biri də məhz onların uğurlu çıxışı oldu.

“Neftçi” bu oyunla çempionluq mübarizəsində söz sahibi ola biləcəyinin mesajını verdi. Heyətdə çoxsaylı yeni transferlər var. Zaman keçdikcə ukraynalı mütəxəssis daha güclü komanda formalaşdıra bilər. Son illərdə güclü rəqiblərə qarşı belə əzmkar “Neftçi”yə nadir hallarda şahidlik etmişik. Əminəm ki, nəticəyə baxmayaraq, azarkeşlər meydanda gördükləri komandadan razı qaldılar.

“Sabah” isə daxil olduğu ağır qrafikin ilk sınağındaca büdrədi. Qarşıda Çempionlar Liqasının oyunları və premyer Liqa matçları var. Görünən odur ki, ötən mövsüm “Qarabağ”ın yaşadıqlarını bu mövsüm "Sabah" da yaşaya bilər.

Mövsümün növbəti istefası Yevlaxda baş tutdu

“Qarabağ”a məğlub olan "İmişli" Fərid Namazovla yolları ayırmaq qərarına gəldi. Nəticələr baxımından klubda işlər qaydasında getmirdi.

Ancaq məncə, oyun baxımından Fərid Namazov komandanı pis hazırlamırdı.

Məğlub olduğu rəqiblərdən "Qəbələ" xaric digərləri iddialı klublar idi.

Fikrimcə, Namazovla ən azı qış fasiləsinə kimi davam etmək daha doğru olardı.

"Qarabağ" qələbəyə rəğmən yenə özünə bənzəmədi. Hələ də daşların yerinə tam oturmadığı aydın sezilir. Süni meydan, rəqibin layiqli mübarizə aparmasını da unutmaq olmaz.

İki yeni əcnəbi baş məşqçinin debütü də uğurlu alınmadı. Yuri Maksimov “Araz-Naxçıvan”la, Yeton Bekiri isə “Qəbələ” ilə ilk oyununa çıxdı və komandaları məğlub oldu. Bununla belə, məşqçilər barədə yekun fikir bildirmək üçün hələ tezdir. Onların komandalarında hansı dəyişiklikləri edə biləcəyini görmək üçün zamana ehtiyac var.

Amma ilkin təəssürat da ürəkaçan deyil. 19 günlük milli fasilə dövründə ciddi dəyişikliklər gözlənilsə də, komandanın oyununda bunu hiss etmək mümkün olmadı.

Əksinə, bəzi məqamlarda geriləmə diqqət çəkdi.

“Kəpəz” dörd oyunluq ev seriyasından sonra səfərdə meydana çıxdı. Doğma azarkeşlərinin möhtəşəm dəstəyindən uzaqda oynasa da, komanda öz oyun modelinə sadiq qaldı və əsas rəqiblərindən birini vacib qarşılaşmada məğlub etməyi bacardı.

"Sumqayıt" mövsümdə ilk qələbəsini darmadağınla qazandı. "Kimyaçılar"da legionerlərin keyfiyyətli hiss olunur. Zədə epidemiyası mane olmasa, Kandido ikinci "altılıq"da söz sahibi ola bilər.

"Zirə" qeyri-sabit çıxışına davam edir. Bu dəfə "Şamaxı"nı udmaq mümkün olmadı. Rəşad Sadıqovun kollektivi silkələməsinin əsl vaxtdır. Əks halda, avrokuboklardan kənarda qalmaq təəccüblü olmayacaq. "Şirlər" mövsümdə ən zəif oyunun keçirsə də, məğlubiyyətsiz seriyanı 6 oyuna çatdıra bildi. Liqanın ən aşağı büdcəsi ilə bunu bacarmaq asan məsələ deyil.

"Şəfa" - "Turan Tovuz" görüşünə baxmaq vaxt itkisi hesab oluna bilər. Daha çox bəxt hesabına vurulan 1 qol matçın taleyini həll etdi.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 18:10 Çək və bizə göndər!
15 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM