Azərbaycan klubları yerli və gənc futbolçulara daha çox şans verməlidir.
Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında türkiyəli futbol mütəxəssisi Rasim Kara deyib.
"Qarabağ"ın sabiq baş məşqçisi Azərbaycan futbolundakı son vəziyyəti və Ağdam təmsilçisinin durumunu dəyərləndirib:
"Qarabağ"ın və baş məşqçi Qurban Qurbanovun uğurları ilə qürur duyuram. Onlar çox yaxşı işlər görürlər. Bu il çempion ola bilmədilər. Çox güman, UEFA Çempionlar Liqasına daha çox kökləndikləri üçün belə oldu. Halbuki yaxşı komandalar həm ölkə çempionu, həm kubokun, həm də Superkubokun qalibi adını qazanırlar. "Sabah" daha yaxşı çıxış etdi. Azərbaycan Premyer Liqasında "Sabah" və "Neftçi" kimi komandaların da mübarizəyə qoşulması, 3-4 klubun çempionluq yarışında olması sevindiricidir. Rəqabətin artması çempionatın keyfiyyətini yüksəldir və bu, bilavasitə milli komandaya da müsbət təsir göstərir. Bununla yanaşı, daxili çempionatda yerli və gənc futbolçulara daha çox şans verilməlidir. Klublarda xarici oyunçuların həddən artıq çox olması yerli futbolçuların inkişafına mane olur. Milli komandanın güclü olması məhz yerli oyunçuların klublarında müntəzəm meydana çıxmasından asılıdır".
R.Kara azərbaycanlı azarkeşlərə mesaj göndərib:
"Azərbaycanı, oradakı azarkeşləri çox sevirəm. Anam Qafqaz kökənli olduğu üçün qafqazlılara çox maraq göstərirəm. Hər birinə sevgilərimi, salamlarımı çatdırıram".
Mütəxəssis Türkiyə yığmasının UEFA Millətlər Liqasındakı nəticələrinə də toxunub:
"Vinçentso Montella ilk vaxtlar yaxşı nəticələr göstərsə də, sonradan həll olunmayan problemlər ortaya çıxdı. O, heyət seçimində yanlışlıqlara yol verdi və eyni oyunçularda israr etdi. Xüsusilə Almaniyada və digər xarici ölkələrdə çıxış edən, lakin öz klublarında ehtiyatda qalan futbolçuları daxili çempionatda müntəzəm oynayanlardan üstün tutdu. Bu da komanda daxilində baş məşqçiyə qarşı inamsızlıq yaratdı. Türkiyə seçməsi müasir futbolun tələblərindən geridə qaldı, müdafiə və sürətli hücum təşkil edə bilmədi. Komanda son oyunlarda 8 qol buraxıb, 2 qol vurdu. Artıq azarkeşlər və ictimaiyyət Montellaya inanmır. Çünki şanslar da qalmayıb. İnam itdiyi üçün onunla yolların ayrılması və yeni baş məşqçinin gətirilməsi ən düzgün qərar olar".
Rasim Kara 2007/2008 mövsümündə "Qarabağ"ın baş məşqçisi kimi fəaliyyət göstərib. Komanda sözgedən mövsümdə 41 xalla 5-ci pilləni tutub.
