Həftələrdi gözlənilən matç gəlib çatdı. Milli fasilədən sonra lider “Neftçi” doğma meydanda son çempion “Sabah”ı qəbul edəcək.
"Ağ-qaralar" mövsümə uğurlu başlasa da, kluba qarşı fikirlər birmənalı deyil. Əksəriyyət göstərilən oyundan narazıdır. Nəticələr müsbət olsa da, oyun bəzi məqamlarda azarkeşlərə ümid vermir.
Bəlkə də bu baxımdan bu qarşılaşma “Neftçi” üçün daha çox həlledici xarakter daşıyır.
Çünki klub arxada qalan turlarda nisbətən zəif rəqiblərinə qarşı öz sözünü deyib.
Ən güclüsü "Zirə" olub və komanda onlara uduzub.
Bəs kollektiv növbəti əsas və ağır sınaqdan necə çıxacaq?
Komandanın qələbə şanslarına baxsaq, əslində “Neftçi”nin xeyrinə işləyəcək məqamlar çoxdu.
Milli fasilədən əvvəl formasının pikində olan bir “Sabah” var idi. Komanda 5 oyun keçirib, 5-də də qələbə qazanıb və cəmi 1 qol buraxıb.
Milli fasilə Dambrauskasın kollektivinin tonusuna təsir edə bilər.
Futbolçular bir qədər eniş yaşaya bilər. Uzun müddət sabit oynayan və ardıcıl qələbələr qazanan komandada bu cür psixoloji eniş mümkündür.
Zaman-zaman biz bunu “Qarabağ”ın ifasında da görmüşük.
Digər vacib məqam “Sabah”ın əsas heyətinin üzvlərinin milli komandaların düşərgəsində olması idi.
Bəli, "Neftçi"nin də millilərdə olan oyunçuları var.
Amma diqqət edəndə bundan daha çox əziyyət çəkmə ehtimalı "Sabah"da görünür.
Düşərgədən ayrılan 10 oyunçudan 7-8 nəfəri əsas heyət üzvüdür, aparıcı oyunçulardı.
Bu futbolçular yayda ağır qrafikdə çıxış ediblər, milli fasilədə də dincəlmək üçün imkanları olmayıb. Bu baxımdan onların üzərində müəyyən yorğunluq hiss oluna bilər.
Üçüncü məqam isə qarşıda Çempionlar Liqası oyununun olmasıdır. “Bayquşlar” ideal heyətlə meydana çıxmaq məcburiyyətindədirlər, amma beyin olaraq yəqin ki, daha çox “Slaviya” ilə oyunu düşünəcəklər.
İstək baxımından da “Neftçi” daha motivasiyalı olmalıdır. Çünki “Sabah” çempionluğu ötən mövsüm dadıb. Kollektiv bir məğlubiyyətin növbəti oyunlarda kompensasiya edilə biləcəyini düşünə bilər. Kollektiv üzərində təzyiq hiss olunmur.
Amma Yuri Vernidubun komandasının qələbədən başqa fikri ola bilməz. Bütün düşüncələr çempionata yönəlib. Komanda Avrokuboklarda iştirak etmir, uzun müddətdir çempion olmur və çempionluğa acdır.
Bundan əlavə, azarkeş amili də “Neftçi”nin xeyrinə olacaq. Komanda doğma divarlar arasında oynayacaq və çox sayda “Neftçi” azarkeşinin tribunada yer alacağı gözlənilir.
Bütün bunları cəmləşdirsək, bir çox istiqamətdə üstünlüyün “Neftçi”nin tərəfində olduğunu deyə bilərik. Amma təbii ki, “Sabah”ın son dönəmlərdə uğurlu çıxış etməsi, Çempionlar Liqasında olması və hər an nəticəni dəyişə biləcək keyfiyyətli futbolçulara sahib olması bir qədər ehtiyatlı davranmağa, 90 dəqiqənin sonunu gözləməyə vadar edir.
XANOĞLAN İMANOV/ SPORTİNFO.AZ
