Cəmi 6 turdan sonra Premyer Liqada 2 baş məşqçi ayrılığı gerçəkləşib.
"Qəbələ" Kaxaber Tsxadadze, "Araz-Naxçıvan" isə Cavid Hüseynovla yolları ayırıb.
Əvəzində hər iki klubda da boş qalan posta əcnəbi mütəxəssis gətirildi.
"Qırmızı qaralar" Yeton Beqiri, Naxçıvan təmsilçisi ilə Yuri Maksimovla anlaşdı.
Bilirik ki, hər iki klubun bu mövsüm məqsədi liqada qalmaqdır. Ən yaxşı halda ortabablar sırasında yer ala bilərlər.
Belədə çox maraqlıdır, əgər hədəf bu qədər aşağıdırsa, baş məşqçinin əcnəbi olmasına nə ehtiyac var idi?
Əcnəbi oyunçu transfer edəndə "yaxşı yerli futbolçu yoxdu" deyirlər.
İndi buna nə söz? Kimsə "Yerli baş məşqçi də yoxdur" deyə bilməz.
Məncə, bu hədəfi yerinə yetirə biləcək yerli baş məşqçilərimiz kifayət qədərdir.
Siyahı genişdir. Hər iki klubla uğur qazanmış Elmar Baxşıyev, Azərbaycan çempionu olmuş, "Sumqayıt"ı avrokuboklara aparmış
Samir Abbasov, bir başqa Azərbaycan çempionu Arif Əsədov, kiçik büdcələrlə bərk komandalar yaratması ilə yadda qalan Şahin Diniyev kimi mütəxəssislər bu tip komandaları rahatlıqla çalışdıra və hədəfinə daşıya bilər.
Təbii ki, bu bizim ilkin fikrimiz, təyinatlara münasibətimizdir.
Ən doğrusunu zaman göstərəcək.
Bəlkə, avrokuboklar uğurunda mübarizə aparıb, hamımızı təəccübləndirəcəklər.
Təki elə olsun. Gözləyək...
XANOĞLAN / SPORTİNFO.AZ
