
"Futbol çempionatları tədricən bərpa olunur, bilmirəm bizdə necə olacaq. Görünür, azarkeşsiz keçiriləcək".
Sportinfo.az xəbər verir ki, bu sözlər "Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayevə məxsusdur.
Avropada və dünyanın bir çox ölkəsində koronavirus pandemiyasına görə dayandırılan çempionatlar bir-birinin ardınca bərpa olunur. Abdullayev "bu qərarı necə qiymətləndirirsiz" sualını bu cür cavablandırıb:
"Bilirəm ki, çox adam bir yerə yığışanda yoluxma çoxalır. Düzü, mən qorxuram ki, qaydalara əməl edənlərin sayı azala və yoluxma arta. Min şükür Azərbaycanda virus kütləvi yayılmadı.
İnfeksiyadan həyatını itirənlərə Allah rəhmət eləsin! Onların əzizləri üçün böyük faciədir. 60 milyonluq italyan xalqından 30 min adam vəfat etdi. 10 milyonluq Azərbaycanda yoluxma və ölənlərin sayı azdır, biz bu bəladan az itki ilə ötə bildik.
Amma hələ təhlükə bitməyib, hər gün yoluxma faktı qeydə alınır. Bu səbəbdən ciddi olmalı, məsələyə nizam-intizamla yanaşmalıyıq. Kütləvi yerlərdə yığışmaq olmaz".