“Siz deyirsizsə, deməli, elədir” - “Neftçi”nin qəhrəmanı “Sportinfo” ilə həmsöhbət oldu

20:00 Neftçi 271
“Siz deyirsizsə, deməli, elədir” - “Neftçi”nin qəhrəmanı “Sportinfo” ilə həmsöhbət oldu

“Neftçi” – “Şəfa” qarşılaşmasının qəhrəmanı Rüfət Abbasov oldu.

Baxımlı qolla hesabı açan gənc müdafiəçi ikinci qolu da təşkil etdi.

Hesab 3:1 komandasının xeyrinə olarkən, “ağ-qaralar”ın xeyrinə penalti qazandırmaqla 3-cü qolun vurulmasının səbəbkarı oldu. Bir sözlə, 4 qolun 3-nün birbaşa iştirakçısına çevrildi.

Sportinfo.az-a müsahibə verən Abbasov sualları cavablandırıb.

- Qarşılaşma ilə bağlı nə deyə bilərsən?

- Evdə oynayırdıq. Bilirdik ki, qələbə qazanmaq lazımdır, çünki son matçda “Zirə”yə məğlub olmuşduq. Şükür Allaha, bu gün qələbəmizi qazandıq. İndi isə bunun ardını gətirmək istəyirik.

- Qaşındakı zədə nə yerdədir?
- Ciddi heç nə yoxdur. Epizodların birində rəqibin dirsəyi dəydi və qaşım partladı. Hər şey qaydasındadır.

- Debütanta qarşı çətinlik çəkdiyiniz hiss olunurdu. Hətta “Şəfa” hesabı bərabərləşdirməyə imkan tapdı. Bu, arxauınlığın nəticəsi ola bilər?
- Xeyr, arxayınlıq qətiyyən yox idi. Sadəcə, rəqib beşli müdafiə ilə oynayırdı, biz də bu səddi yarmağa çalışırdıq. İlk qolu vurduq, lakin ikinci hissə başlayan kimi standart vəziyyətdən qapımızdan top buraxdıq. Buna baxmayaraq, ruhdan düşmədik, hücumlarımızı davam etdirdik və şükürlər olsun ki, vacib qələbəni qazandıq.

- Oyunun qırılma anı vurduğunuz ikinci qol oldu, yoxsa rəqib qapıçının inamsız oyunu?
- Elə deməzdim. Biz oyun boyu dayanmadan hücumlar etdik, daha çox qol da vura bilərdik. Əsas odur ki, qələbə qazandıq. Bu nəticə bizim üçün çox vacib idi.

- Şənbə günü və vaxtın uyğun olmasına baxmayaraq, tribunada azarkeş sayı az idi. Səncə, bu nə ilə bağlıdır?
- Səbəbini dəqiq deyə bilmərəm, amma fürsətdən istifadə edib azarkeşlərimizə səslənmək istəyirəm - gəlib bizə dəstək olsunlar. Onların dəstəyi bizə meydanda əlavə motivasiya verir.

- Səni bugünkü matçın ən yaxşı futbolçusu adlandıra bilərik. Bütün qollarda iştirak etdin, çox fəal təsir bağışladın. Özünü matçın qəhrəmanı sayırsan?
- Mən hər zaman əlimdən gələnin ən yaxşısını etməyə çalışıram ki, komandama xeyrim dəysin və qələbə qazanaq. Əgər siz ən yaxşısı olduğumu deyirsinizsə, deməli, elədir (gülür). Məncə də pis oynamadım.

- Vurduğun baxımlı qol da diqqət çəkdi. Solaxay futbolçu olsan da, sağ ayaqla uzaq “doqquzluğ”a zərbə endirdin. Həmin epizodu necə təhlil edərdin? Səncə turun ən yaxşı 5 qolu sırasına düşər?
- Bəlkə də düşər. Əslində məşqlərdə sağ ayaqla zərbələri yoxlayırdım, amma heç vaxt məşqdə bu cür yaxşı alınmırdı. Oyunda isə doğrudan da mükəmməl alındı və şükürlər olsun ki, qol oldu.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti