Çempionluğa oynayacaq, bu yolda sonadək mübarizə apara, girəniş göstərə biləcək heyəti var «Neftçi»nin.
Keyfiyyətli oyunçu sarıdan bəxti gətirib Yuri Vernidubun.
Xidmətində olan belələrinin sayının azlığından qətiyyən şikayətlənməməlidir.
Qoy başqaları şikayətlənsin, onlara paxıllıq eləsin, həsəd aparsın.
Vernidub «hələ həll etməli olduğumuz çoxlu məsələ var» deyir. Düz də deyir, yalan demir.
Əgər Vernidub fikrində tutub, dilə gətirmədiyi o məsələləri tez yoluna qoysa, «Neftçi» bu mövsüm birincilik yarışında «Sabah» və «Qarabağ»ı tək buraxmayacaq.
«Sabah»ın başı Çempionlar Liqasına qarışacaq, «Qarabağ» isə ideal formadan çox uzaqdır - gərək «Neftçi» yaranmış fürsətdən maksimum yararlansın.
Bunun bütün məsuliyyəti Vernidubdadır. Baş məşqçi kimi o, yeni transferlər başda olmaqla, komandaya, onun oynuna, taktikasına, fiziki hazırlığına, ümumiyyətlə, hər şeyinə cavabdehdir.
Yalnız sözdə, dildə deyil, əməldə də bunu göstərməli, isbatlamalıdır.
«Sumqayıt»ı, «Araz-Naxçıvan»ı, «Şəfa»nı 3-5 fərqiylə udub da, «Zirə» kimi nisbətən güclü rəqiblə oyunda bərbad təsir bağışlayan komandanın çalışdırıcı bunun səbəbini ilk növbədə özündə axtarmalıdır.
Klub rəhbərliyi daha neyləsin, böyük büdcə istəyib, ayrıblar. Bahalı transferlər istəyib, həyata keçiriblər. Meydançaların qazonunun dyişdirilməsini istəyib, yerinə yetiriblər.
«Neftçi» özünə birbaşa rəqib gördüyü komandalarla duellərdə qələbə qazanmağa qadir heyət yığıb, Vernidub start «11-liy»ini müəyyənləşdirərkən, həmçinin futbolçulara taktiki tapşırıqlar verərkən diqqətli olmalıdır.
Əslində, onun təsvirini verdiyi problemlər başdan aşmır və əsasən texniki məsələlərdər. Bunu da özü həll etməlidir və həll etməyə də borcludur.
ELNUR
