"Neftçi" formasında möhtəşəm qolla yadda qalan bu oğlan barədə qısa tanışlıq...
Rüfət Abbasovu deyirəm.
Cəmi 2 il əvvəl onu ən yaxşı halda siravi "Neftçi" azarkeşləri tanıyırdı.
Əsas komandada cəmi 2 oyunda meydana çıxmışdı.
Hətta bir dəfə əvəzediclər liqasında rəqibə qarşı kobud oyuna görə qırmızı vərəqə almışdı. İçi özüm qarışıq "əşşi bu da azərbaycanlı futbolçu" deyib tənqid etmişdik.
Amma əvəzedici komandada oyununa bələd idim, yaxşı potensialını görürdüm.
Təəssüf, əsas komandada bunu görən, ona inanan yox idi.
Bəlkə də itib-batacağı anda Ayxan Abbasov qapısını döydü.
Hələ onda legioner limiti ləğv edilməmişdi. Əsas heyətdə 4 azərbaycanlı mütləq olmalıydı.
Limitə düşən yerli oyunçu axtaran təcrübəli mütəxəssis "Şamaxı"da sıfırdan qurduğu komandada Rüfətə də meydan verdi. "Neftçi"də ona inam o qədər az idi ki, bölgə klubuna icarəyə belə verilmədi. Pulsuz göndərildi.
Sürəti, ağlı, mübarizə əzmi olan 19 yaşlı uşağın çatışmazlığı oyun təcrübəsi idi.
Ayxan Abbasov bunu ona verdi. İlk vaxtlar cinah ötürmələrinin, qapıya zərbələrinin qeyri-dəqiq olması da elə həmin təcrübəsizlikdən irəli gəlirdi.
Zamanla Ayxan Abbasov ona inanaraq boşluqları doldurdu.
İki mövsüm "Şamaxı"da 74 oyunda meydana çıxan Rüfət 2 qol, 12 məhsuldar ötürmə ilə yadd qaldı.
Müdafiəçi olmasına baxmayaraq, bir dəfə olsun qırmızı vərəqə almadı.
Əsas milli komandada 2 oyunda meydana çıxıb.
2 il əvvəl lazım olmadığı "Neftçi"nin bu gün əsas heyət üzvüdür. Arxada qalan 4 turda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bu ölkədə Rüfət tək deyil, ondan da istedadlı uşaqlar var. Sadəcə onlara inanan, güvənən, üzə çıxaran klublar, məşqçilər yox səviyyəsindədir.
XANOĞLAN/ SPORTİNFO.AZ
