"Bunu hər zaman istəmişəm, amma o səviyyədə deyilik" - Qurbanovdan səmimi etiraflar

7 Oktyabr 2021 23:20 Şamaxı 1 950
"Bunu hər zaman istəmişəm, amma o səviyyədə deyilik" - Qurbanovdan səmimi etiraflar

Yeni mövsümə bərbad çıxışla start verən "Keşlə" ardıcıl 4 tur məğlubiyyət aldı.

Baş məşqçi Sənan Qurbanovun istefası müzakirə olunduğu məqamda komanda geridönüş etməyi bacardı.

Öncə "Qarabağ"la oyunda alınan bərabərlik, ardınca "Sabah" üzərində qazanılan qələbə bir andaca hər şeyi paytaxt təmsilçisinin xeyrinə çevirdi. Bunda son iki görüşdə baş məşqçinin verdiyi qərar da az rol oynamadı.

Məğlubiyyətlərin sıralandığı turlar komanda daha çox qol epizodu yaratsa da, məzmunlu oyun göstərsə də məğlub olurdu. Amma son iki tur əksinə, qapalı, müdafiə olunmaq taktikası seçən Qurbanovun komandası 4 xal əldə etməyi bacardı.

"Kənardan belə göründü, yoxsa həqiqətənmi "Keşlə" son iki görüşdə fərqli sistemdə çıxış etməyə başladı?" sualına Qurabnov özü belə izah verib: "Görünən odur ki, bizim bütün oyunlarımızı izləmisən. Ona görə də belə bir suala cavab vermək məcburiyyətindəyəm(gülür). Çempionata çox pis başladıq. Bəlli oyun üslubumuz vardı. Dördlü müdafiə ilə oynayırdıq. Qol imkanları çox əldə edirdik, ancaq onu dəyərləndirə bilmirdik. Bu da komanda üzərində gərginlik yaradırdı. Rəqibin meydançasında oynayanda müdafiəçilər də önə çıxmalı olurdu. Belə olan halda sürətli əks-hücumlarda yaxalanırdıq. Bəzi tapşırıqlar bizdə alınmırdı. Sistemdə, oyun düşüncəmizdə çox dəyişiklərə getdik. Yeniliklər sırf nəticəyə oynamaq üçün idi. Daha uduzmaq istəmirdik. Qapalı futbola üstünlük verməyi qərara aldıq. İlk sınağımız "Qadabağ"a qarşı oldu. Onsuz da bu rəqibə qarşı başqa cür oynamaq mümkün deyil. Heyətlərində elə futbolçular var ki, ani boşluqdan istifadə edə bilirlər. Şükürlər olsun ki, ilk sınaqdaca dəyişikliyin bəhrəsini gördük. Növbəti tur "Sabah"la oyunda da eyni sistemi qoruduq. Düzdü, bəzi top itkiləri vardı. Amma ümumən sizin də gördüyünüz kimi sistemdə dəyişiklik edilmişdi".

Gənc çalışdırıcı qarşıdakı görüşlərdə də belə oyun sisteminə sadiq qalıb-qalmayacaqlarına indidən qəti cavab verə bilməyəcəyini bildirdi: "Bu barədə nəsə demək olmur. Milli komandalara gedən oyunçularımız var. Onların millidən qayıdanda fiziki və psixoloji durumlarının necə olması bizim üçün çox vacibdir. Beynimizdə hər zaman təbii ki, bir plan olur. Amma başverənlər bizi başqa istiqamətə apara bilər".

Qurbanov "əgər yaxşı nəticələr gəlməyə davam edərsə, yaxşı oynamağı pis oyunla müsbət nəticə qazanmağa qurban verməyə hazırsınızmı?" sualına isə belə reaksiya verib: "Nəticələr pis olanda oyunlardakı müsbət tərəfləri futbolçulara göstərəndə əhval-ruhiyyə düzəlir, amma turnir cədvəli yada düşən kimi əhval yenidən dəyişir. Yaxşı oynayıb udmağın ləzzəti başqadır. Amma deməzdim ki, son turlar pis oynayırıq. Müdafiədən daha çox oynadığımız görünə bilər. Burda da döyüşmək, xarakter, inam lazımdır. Ki, futbolçularımız bunu göstərdilər. Uşaqlar son iki turda bu sınaqdan üzüağ çıxdılar.

Hər dəfə komandadan rəqibin meydanında pressinq etməyi istəmişəm. Amma baxırsan ki, o səviyyədə deyilik. Oyunlar da bunu göstərdi. Çox istəsək də hücum futbolu oynayaq, öndə rəqibi qarşılayaq, amma futbolçuların durumundan çox şey asılıdır. Bəzən istəyimiz baş tutmaya bilər. Ancaq pozitivliyimizi qorumalıyıq".

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti