“Şamaxı” növbəti transferini elan etdi.
Mərakeşli vinger-hücumçu Ayman Buali bundan sonra bölgə təmsilçisinin uğurları üçün tər tökəcək.
Bəlkə də çoxu bilmir, bəlkə də yaddan çıxıb.
Buali yaxın keçmişdə Azərbaycan Premyer Liqasında top qovmuş, ab-havanı hiss etmiş futbolçulardandır.
2024-cü ilin yayında Şahin Diniyevin razılığı əsasında “Səbail”ə transfer olunmuşdu. İnsaf naminə, gəlişi ilə komandanın gücünə güc qatmağı bacarmışdı.
Avqustdan noyabra qədər meydana çıxdığı 11 oyunda 3 qol vurmuş, 5 qolun ötürməsini vermişdi. Noyabrda aldığı ağır zədə onu uzun müddət yaşıl meydalardan kənarda qoymuşdu.
Heç cür zədədən qurtula bilməyən Buali “Səbail”in heyətində bir də mövsümün sonuncu turunda, “Sumqayıt”la qarşılaşmada meydana çıxmışdı ki, onda iş işdən keçmişdi, “dənizçilər” elita ilə vidalaşmışdı.
Ayman 2025-ci ilin yayında Azərbaycanı tərk edərək sentyabr ayında Birləşmiş Ərəb Əmirliklərinə yollanıb, 1-ci liqa təmsilçisi “Al-Dhaid”lə müqavilə bağlayıb.
Ünlü “transfermarkt” saytındakı məlumata görə, mərakeşli futbolçu BƏƏ-də cəmi 2 matçda iştirak edib. Ötən ilin sentyabrında Prezident Kubokunda cəmi 96 dəqiqə meydanda olub ki, sarı vərəqə almaqla diqqət çəkib.
Bəlkə də statistik rəqəmlər internet qaynaqlarında əks olunmayıb. Lakin görünən odur ki, Buali sonuncu dəfə 10 ay əvvəl meydana çıxıb. “Səbail” karyerasını da üstünə gəlsək, son 2 ildə 14 oyunun iştirakçısı olub.
Əvvəlki formasını yığa bilsə, “Şamaxı”ya fayda verə biləcək futbolçudur.
HƏBİB / SPORTİNFO.AZ
