Azər Bağırovun avazı yaxşı gəlir yenə.
«Yaxşı gənclərimiz, yaxşı komandamız var» deyir.
Deyir də…
Danışmaq, onsuz da, Bağırovun ən yaxşı bacardığı işdir. İmkan versən, səhərədək Məlikməmmədin nağılını danışar.
«Şamaxı» rəhbərliyinin gücü və imkanı çatsaydı, Ayxan Abbasovla ömürlük müqavilə bağlayardı.
Pulları olmadı. Varsa da, xərcləmək istəmədilər.
AFFA-nın ayırdığı ianə hesabına yaşayan «Şamaxı» bu yay çox dəyişib. 20-yə yaxın futbolçu düşərgəni tərk edib, ondan bir azı gəlib.
Abbasov iki il «Şamaxı»da çalışdı, heç birində mövsümə məğlubiyyətlə başlamadı. Birində «Neftçi», digərində də «Sabah»la heç-heçə etdilər.
Bağırovun «siftə»si isə pis gətirdi, «Qarabağ»a uduzdular. O «Qarabağ»a ki, tarixinin ən ağrılı, ən sancılı dönəmindən keçir.
Edqar Ədilxanovun müdafiəçilərin səhvindən sonra vurduğu qolu bir kənara qoysaq, «Şamaxı» 90 dəqiqə ərzində yalnız bir real fürsət yaxaladı.
Azər Bağırovun indi haqqında söz etdiyi gənclər var ha, onları çətin ki, mövsümün gedişində meydanda görək.
Yeni baş məşqçi legioner vurğunudur. Özündən çox istədiyi menecer dostlarının yanında yaxşı görünməkdən ötrü əcnəbi oyunçulara qucaq açacaq.
«Araz-Naxçıvan» və «Kəpəz»də etdiyi kimi. Ayxan Abbasovda olan ürək və istək Azər Bağırovda yoxdur. O, bir budaqda oturub, min budağı silkələyəcək.
«Şamaxı»da işləyə-işləyə başqa klublara «qırmaq» atacaq, özünü gizlicə təklif edəcək. «Şamaxı» rəhbərliyi bu məsələdə başının ağrımasını, yarıyolda, çətin vəziyyətdə qalmaq istəmirsə, gətirdikləri baş məşqçinin hər addımını nəzarətdə saxlamalıdır.
Bağırov bayram aşını axıradək yeyənlərdən deyil, gözü daim orada-buradadır, ehtiyatlı olsunlar!
ELXAN
